Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

21.01.2019

Şəhidlər unudulmur, unudulmayacaq da…

20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirildi.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan idarə rəisi, polis polkovniki Rahib Qarayev daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun adından şəhid ailələrini salamlayaraq bildirdi ki, Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsi qurbanları Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi olaraq həkk olunub.

Polis polkovniki R.Qarayev diqqətə çatdırdı ki, milli azadlığın və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin gülləbaran edilməsi sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Lakin xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları o gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Xalq həmin günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk etdi, acısını-ağrısını yaşadı. O müdhiş günlərdə ulu öndər Heydər Əliyevin Azərbaycandan uzaqda olması düşmənin əl-qolunu əməlli-başlı açmışdı. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə bu qüdrətli insan oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünü və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, yanvarın 21-də daimi nümayəndəliyimizə gələrək təcavüzə etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət oldu.

Sonra şəhid ailələri adından çıxış edən Marina Boqdanova 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın göstərildiyini vurğuladı.
Daha sonra şəhid ailələrinə DİN rəhbərliyi adından maddi yardım təqdim olundu və onlarla xatirə şəkli çəkildi.

T.Hafiz

 

 





Çap et  Çap et