Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

14.01.2019

Kitabdan xoşbəxtliyə açılan qapılar

Konstitusiyamızın 42-ci maddəsində hər bir vətəndaşın təhsil almaq hüququnun olduğu, dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etdiyi müddəalar öz əksini tapır.

XXI əsrdə də qız övladını “oxutmuram, əl çəkin”, -deyərək öz gününə salmaq istəyən, dünənə qədər sabirlərin, seyid əzimlərin, üzeyir bəylərin, mirzə fətəlilərin ürəklərini yara eləyən soydaşlarımızı haqq yola dəvət etmək üçün dili qabar bağlayan ziyalıların köməyinə yaxşı ki, dövlətin müxtəlif qurumları çatdı. Çünki vəziyyətin nəzarətdən çıxması daha ağır nəticələrə gətirib çıxara bilərdi. Ucqarlarda belə tikilən məktəblər təhsilə, elmə dövlətin dəstək verməsi, “qara qızılı” insan kapitalına çevirmək üçün atdığı önəmli addım idi.
Bəli, məktəblər tikildi. Təəssüf ki, həmin məktəblər “din buyurur ki, qız oxumasın, evdə otursun”-deyən mövhumatın qurbanı olanların ucbatından qızların üzünə həsrət qaldı. Elmin cinsi yoxdur və onu öyrənəni də kişiyə, qadına bölmək düşüncəsi ilə yaşayanlar öz övladının həyatını, gələcəyini məhv etməklə yanaşı, həm də dövlətə, xalqa hansı ziyanı vurduqlarının fərqində deyillər.

Sözü gedən problem təkcə məlum bölgədə deyil, paytaxtın bir addımlığındakı kəndlərində də yaşanır. Problemə nəzarət güclənsə də aradan qaldırılması mexanizmini işə salmaq üçün bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi mütləqdir.

DİN rəhbərliyinin göstərişi ilə paytaxtda və yerlərdə narkomaniya, erkən nikah və dini radikalizmlə bağlı tədbirlərin mütəmadi keçirilməsinin vətəndaşlar tərəfindən təqdir olunması və müsbət qarşılanması oxucu məktublarında da öz əksini tapır. Gələcəyimizi təhdid edən bəlalar ictimaiyyəti narahat edir, həyacan təbili çalınır. Məqsədimiz hansısa qurumu fəaliyyətsizlikdə suçlamaq deyil.
Bizə gəlincə, polisin təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirlərinin hədəfi bəllidir: Dövlətin gələcək qarantı olan gəncliyi qorumaq.

Qeyd etdiyim mövzularda Sabunçu RPİ-nin kəndlərdə keçirdiyi tədbirlərin, demək olar ki, hər birində idarə rəisi, polis polkovniki Eldar İlyasovun üzünü onlara tutub: "Övladını erkən nikahın qurbanına çevirən valideyn sonradan onun üzləşdiyi bədbəxtliyi görəndə özünü təqsirli bilir, yoxsa “Allahın işidir, yazı, qismət”,- deyib başını bulayır. Axı, islam dini də, müqəddəs kitabımız da cinsindən, irqindən asılı olmayaraq, hər kəsi oxumağa səsləyir. Görəsən, həmin valideyn istəməzmi ki, o xəstələnəndə, canı ağrıyanda qulluğunda, sağlamlığının keşiyində təhsilinə, məktəbə getməsinə şərait yaratdığı, oxutduğu həkim qızı dayansın”,- deməsi, sözün əsl mənasında, həm də vətəndaş yanğısıdır.

Erkən nikah təkcə sosial bəla deyil, eləcə də talelərin məhvidir. Niyə talelərin? Çünki söhbət təkcə zorla erkən nikaha cəlb edilən qızcığazın yox, gələcəkdə onun dünyaya gətirdiyi övladın da taleyindən gedir. Cəhaləti, mövhumatı “qız oxumaz” şüarını əsrdən-əsrə çiynimizdə, beynimizdə daşımaqla qazancımız nə olacaq?

Erkən nikahın fəsadları barəsində onlarla belə misal gətirmək olar. Hörmətli həmkarımız Eldar İlyasovun danışdığı bu hadisə çox ibrətvericidir.
Deyir ki, bir xanım qızının itkin düşməsi ilə bağlı polisə müraciət etmişdi. Əməkdaşlarımız qızı qısa zaman kəsiyində tapdılar. Müvafiq araşdırmalardan sonra dəhşətli faktların üstü açıldı. Məlum oldu ki, qız narkomandı və bunun da baiskarı valideynləridir. Səbəb isə belədir: valideynləri həmin qızı erkən yaşında özündən 10-15 yaş böyük, həm də narkomana ərə veriblər. Bu nikahdan onların övladı dünyaya gəlib. Lakin həmin şəxs cinayət törədərək həbs olunub. Qız isə təkbaşına övladı ilə birlikdə can çəkişir…

Dinimizin buyurduğu həqiqətləri müqəddəs kitabımızda deyildiyi kimi çatdırmırlar. Bəlanın qarşısını almaq üçün valideyn, məktəb, müəllim, polis və din xadimlərimiz həmrəylik nümayiş etdirməli, qızlarımızın təhsil almaq hüquqlarını pozanların, ən əsası, mövhumatın önünə sədd çəkməlidirlər.






Çap et  Çap et