Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

06.01.2019

Həm çevik, həm də cəsur

Əvvəlcə nişanladığı evlərin qapısını döyüb gözləyirdi. Qapını açan olmayanda bilirdi ki, evdə adam yoxdur. Bəzən də səsə qonşular çıxanda qapısını döydüyü evin yiyəsinin evdə olmadığını, axşam və ya bir neçə gündən sonra gələcəyini bildirirdilər. Bu da ürəyincə olurdu...

Ötən ilin dekabrın 22-də döydüyü qapıya kimsə çıxmayınca bir göz qırpımında hasardan aşıb içəri keçdi. Yenə də ətrafı diqqətlə nəzərdən keçirdi, evdə adam olmadığına tam arxayın oldu. Yataq otağındakı pulu götürüb çıxmaq istəyəndə ev sahibi ilə üzbəüz gəldi. Hasardan atlanıb qaçmağa üz tutdu.
“Ay aman, evimə oğru girib, qoymayın qaçır” deyərək qışqırıb kömək istəyən qadının harayına isə...
Burdan beləsini Səbail RPİ-nin 8-ci Polis Bölməsinin ərazisində xidmət aparan Əlahiddə Çevik Polis Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları, polis serjantları Namiq Həsənovdan və Fironi Kərimovdan eşidək:
“Ərazidə xidmətdə idik. Onda gördük ki, bir qadın qışqırdı və bir nəfər də tələsik hasardan düşüb qaçamağa başladı. Vəziyyətin nə yerdə olduğunu anladıq. Tez qadına yaxınlaşdıq. Onun yaralı olduğunu və ya xəsarət alıb-almadığını öyrəndik. Vaxt itirmədən şübhəlinin arxasınca qaçdıq. İzi azdırmaq istəyirdi. Vəziyyəti belə görüncə, ayrılıb iki istiqamətdə hərəkətə keçdik. O, köhnə bir tikilidə gizləndi, qaçmağa yer axtarırdı. Ancaq bu dəfə qaça bilmədi. Yaxalayıb bölməyə gətirdik”...
Onun əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşamış Fuad Fərəcov olduğu məlum oldu, nəticədə törədilmiş 17 cinayət faktının da üstü açıldı.
Fuad Fərəcovun daha bir sirri üzə çıxıb. Sən demə, o, evlərə girməzdən öncə həm də qılıq dəyişdirirmiş, bir müddət saqqal saxlayırmış.

Ötən il ərzində çeviklərin, sözün əsl mənasında, qəhrəmanlığından “Mübariz keşikdə”nin səhifələrində onlarla yazılar dərc olunub. Bu dəfə polis serjantları Namiq Həsənovu və Fironi Kərimovu sizlərlə tanış etmək üçün bölük komandiri, polis polkovnik-leytenantı Fariz İsmayılovun və tağım komandiri, polis mayoru Etibar Bayramovun fikirlərini öyrəndik. Dedilər ki, hər iki əməkdaş xidməti əraziyə yaxşı bələddirlər. Nizam-intizamlı, fiziki və psixoloji hazırlıqlıdırlar. Vətəndaşlarla rəftarda xoş ünsiyyətcildirlər. Ən əsası, gənc olsalar da onların bir amalı var: Verilən tapşırıqların öhdəsindən layiqincə gəlmək, asayişin keşiyində ayıq-sayıq durmaq, Alay və DİN rəhbərliyinin etimadını doğrultmaq.
Yeri gəlmişkən, polis serjantı Namiq Həsənov 1988-ci ildə doğulub. Düz 7 ildir ki, sıralarımızdadır. Polis serjantı Fironi Kərimov isə 1994-cü ildə doğulub və 2016-cı ildən xidmətdədir.





Çap et  Çap et