Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

27.12.2018

Talada “zəhərli ot xəzinəsi”...

Hər dəfə Sadıx kişinin fermasının yanından axan Girdiman çayının kənarına gələndə uzun-uzadı düşünər, planlar qurardı. Kasıbçılığın daşını birdəfəlik atmaq istəyirdi. Çayın kənarındakı bələdiyyəyə məxsus, uzun illərdi ki, əkilib-biçilməyən sahə çoxdan onun diqqətini çəkirdi. Gözü oranı tutmuşdu. Tikanlıqla, kolluqla əhatələnmiş yer məqsədini həyata keçirmək üçün əlverişli idi.

Çox götür-qoydan sonra qərara gəldi ki, axşamın düşməyini gözləsin. İstəmirdi ki, kimsə onu bu həndəvərdə görsün. Hava qaralan kimi ona xəyalındakı pulları qazandıracaq “zəhərli” otun toxumlarını götürüb özünü çayın kənarına, kolluğa verdi. Ay işığında toxumları ehtiyatla, bircə-bircə əkməyə başladı. Ürəyi uçunur, səsini içinə çəkib ətrafı dinləyir, kimsənin olmadığına tam arxayın olmaq istəyirdi...

Diqqəti çəkməmək üçün on - on beş gündən bir bura gələr, “xəzinəsinə” baş çəkib sulayar, qulluğunda durardı. Əkdiyi də sanki dəqiqəbədəqiqə, saatbasaat böyüyürdü. Həmin sehirli otlarla birlikdə “arzuları” da boy atırdı. Bəzən də gecə yarısı, kəndə sükut çökəndən, hamının yatdığına tam əmin olduqdan sonra əkdiyinə kənardan nəzər yetirirdi.

Çətənə kolları adam boyundan hündürə qalxsa da onu kimsənin görməsi mümkün deyildi. Bu da Raqibin ürəyincəydi. Artıq əkdiyini yığmağın vaxtı çatmışdı. “Məhsul”un bir qismini- 2 klioqramdan çox qurudulmuş çətənə kolunu gizlincə evinə gətirdi.

İndi əsas məsələ müştəri tapıb, onu satmaq və özünün dediyi kimi, kasıbçılıq adlı bəladan qurtulmaq idi. Amma, deyir, sən saydığını say...

Növbəti dəfə “xəzinəsinə” baş çəkməyə gedəndə çiyinlərindən sanki dəmir kimi bir əl yapışdı. Yerindəcə qurudu. Nitqi tutuldu. Nə deyəcəyini bilmirdi. Yol boyu beynində bircə fikir dolaşırdı: “Polislər hardan bildilər”....

Evinə baxış zamanı da küllü miqdarda narkotik vasitə aşkar olundu. Beləcə, Kürdəmir RPŞ-nin əməkdaşlarının sayıqlığı nəticəsində daha bir “zəhər taciri” barmaqlıqlar arasına göndərildi.

 

 





Çap et  Çap et