Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

24.12.2018

Birliyə gedən yol - həmrəylik

Həmrəylik günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər. Azərbaycanlılar bütün dünyada həmrəy olub yeni ili qarşılayır. Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi bayram edilir.

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.

1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu gün Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Belə əlamətdar bir tarixlə yeni ilə də xoş gəldin deyirik. Dörd bir yanda, evlərdə küknar ağacları bəzənir, xoş əhval-ruhiyyəli şənliklər bayramı yadda qalan edir.





Çap et  Çap et