Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

19.12.2018

Toydan sonra “toy”

Həmin gün kefi ala buludlardaydı. Uzun zamandı ki, belə “dəmlənməmişdi”. Həbsdən çıxdıqdan sonra tanış-bilişi ondan uzaq gəzir, heç xeyrə-şərə də çağırmırdılar. Bu gün nə əcəb, biri onu sayıb toya dəvət etmişdi.Toyda da o ki, var “vurmuşdu”, oynamışdı…
Elə divandaca mürgüləyirdi. Telefonun zənginə gözlərini açdı. Bacısıydı:
-Ay Şahvələd, bacın qurban, hardasan, tez özünü yetir. Əvəzi toydan çıxanda döyüblər, üstü-başı qan icindədir.
-Kim döyüb?
-Elvin…
Səntirləyə-səntirləyə qalxıb, gödəkçəsini geyinib mətbəxə kecdi. Bıçağı cibinə qoyub,”yıxıla-yıxıla”da evdən çıxdı. “Toydan sonra çayçıya gedirdilər, yəqin ordadılar”,-deyə fikirləşib, özünü çayçıya yetirdi. Çatan kimi əlindəki bıcağı Elvinin kürəyinə sapladı…
Daşkəsən Rayon Polis Şöbəsinə cinayətlə bağlı məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış qrupu yaradıldı. Polislər yaralını dindirə bilməsələr də şahidlərlə söhbətləşib, olayın təfərrüatını tam dəqiqləşdirdilər. Hadisəni törədən şəxs də çox uzaqda deyildi.
Qisas almaq məqsədilə hadisəni törədən 1971-ci il təvəllüdlü Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İsgəndərov şübhəli şəxs qismində istintaqa təhvil verildi.





Çap et  Çap et