Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

14.11.2018

Yaxşıların sorağına çıxmışıq

Rusiya Federasiyasının İjevsk şəhərində əfsanəvi sahə müvəkkili Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək. Xidmət etdiyi polis şöbəsinin binasında xatirə lövhəsinin vurulması nəzərdə tutulub. Açılış mərasimi bu aydır.

Həmyerlimiz 1951-ci ildə Cəlilabad rayonunun Bozayran kəndində anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Udmurtiyaya gəlib və 36 il milisdə işləyib. O, Ustinov Rayon Daxili İşlər Şöbəsinin sahə müvəkkili olub və podpolkovnik rütbəsinədək yüksəlib. Fenomenal yaddaşa malik olan Tofiq Kərimov xidmət etdiyi rayon sakinlərinin bir neçə nəslini tanıyıb. O, Udmurtiyanın Əməkdar jurnalisti və Rusiya Yazıçılar İttifaqının üzvü olub. 2010-cu ildə təqaüdə çıxan T.Kərimov uzunsürən xəstəlikdən sonra 2013-cü ildə vəfat edib.

Saytların birində xəbəri oxuduqdan sonra qərara gəldim ki, bu gün xidmətdə özünü doğruldan, cinayətkarlıqla mübarizədə sayıqlıq göstərən, istər gənc, istərsə də illərin sınağından çıxmış sahə rəislərindən yazılar hazırlayım. Onları həm özüm tanıyım, həm də sizlərə tanıdım. Bu minvalla, həm paytaxtda, həm də regionlarda axtarışa başladım. Elələri oldu ki, barələrində yazmaqda çətinlik çəkmədim. Çünki Polis Akademiyasından tanıyırdım.

Yazımın mövzusu barədə ezamiyyətdə olduğum rayonlarda rəhbərliyi məlumatlandırmışdım. Onlar da xidmətini təqdir etdikləri, bacarığını qiymətləndirdikləri əməkdaşları təqdim etmişdilər. Mən isə öz peşəmə və yazı üslubuma sadiq qalıb sahə rəislərini ərazilərində müşahidə etdikdən sonra onlarla, Sabir demiş: “Düzü düz, əyrini əyri” yazmaq üçün həmsöhbət olmuşdum.

Nizami yurdu Gəncədən düz Gədəbəyə kimi həmkarlarımı soraqlamışdım. ŞBPİ-nin Nizami Rayon Polis İdarəsində də məni Polis Akademiyasının yetirmələri qarşıladılar. Rəisin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Siyavuş Şükürova gəlişimin məqsədini deyəndə düşünmədən: “O, gənc olsa da sanki neçə illərdir bu xidmətdə bişmiş, bərkə-boşa düşmüb”,- dedi.

Siması tanış gəldi. Bəri başdan deyim ki, o da akademiyanın yetirməsidir. Gəlin tanış olaq.
Polis leytenantı Nurlan Əliquliyev 1995-ci ildə Şəmkirdə doğulub. Orta məktəbi bitirdikdən sonra 2012-ci ildə DİN-in Polis Akademiyasına daxil olub. 2017-ci ildə akademiyanı bitirib və təyinatını Gəncəyə veriblər.
Onunla təhkim olunduğu ərazidə görüşdük. Ərazisinə yaxından bələd olmağı və burda yaşayan sakinlərlə qurduğu münasibət, düzü, diqqətimi çəkdi. Ünsiyyətcilliyi işinə yarayır. Gənc olsa da sözü eşidilir, hörmətini saxlayırlar. Çünki vəzifəsini, nəyi, necə etməyi yaxşı bilir.

Deyir ki, ilk dəfə xidmətə çıxanda həyəcanlanıb. Ancaq problemi olan vətəndaşa necə kömək etməliyəm sualına cavab axtarmaq elə də çətin olmayıb. Ondan kömək umanların isə səlahiyyətim çərçivəsində köməyinə çatıb. Ötən dövr ərzində bir daha yəqin edib ki, insanların problemini, üzləşdiyi çətinliyi bilmək, onu həll etmək üçün ən gözəl vasitə ünsiyyət qurmaqdır.

Ərazisində yaşayanların sayını soruşdum, münaqişəli ailələrin olub-olmaması ilə maraqlandım. “Münaqişəli ailələr var. Ancaq mən çalışıram ki, həmin ailələrə uşaqlar məktəbdə, baxçada olanda gedim. Çünki uşaqlar mənim ora hansı məqsədlə getməyimi bilmirlər və istər-istəməz bu onlarda psixoloji gərginlik yarada bilər. Adətən çətinliyə düşəndə çalışıram ki, tərəflər arasında barışdırıcı mövqe tutum. Ailələr dağılmasın, uşaqlar kimsəsiz qalmasın deyə ağsaqqallar, xüsusən də polis veteranları köməyimə çatır. İllərin sınağından çıxmış veteranlarımızın sayəsində neçə-neçə ailəni dağılmaqdan qurtarmışıq. Güclü ailə, güclü ordu, güclü dövlət, sağlam gələcəkdir”. Bunları da Nurlan dedi.





Çap et  Çap et