Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

21.10.2018

İlin uğurlari, ilin vəzifələri

Xəbər verildiyi kimi, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda görülən işlərə yekun vurulub, ölkə həyatı üçün bir çox aktual məsələlərə, o cümlədən çatışmazlıq və nöqsanlara toxunulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib, tövsiyələr verilib.
Əvvəli ötən sayımızda.
Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində görülən işlər barədə danışaraq bildirib ki, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün bundan sonra da fəal iş aparılmalıdır. Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Davos Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdədir. Ancaq iqtisadiyyatın rəqabətliliyi daha da artırmalıdır. Qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülür. Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılmışdır. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır.
Azərbaycanın indi 3 peyki var. "Azerspace-2" peykinin orbitə çıxarılması böyük qələbəmizdir. Bu sahədə görüləcək işlər əlavə vəsait gətirəcək. Peykin imkanlarının yarıdan çoxu artıq satılıb, təqribən 40 faiz hələ ki, bölüşdürülməyib. Peykin xidmət potensialı da bölüşdürüləcək. Bu, ölkəmizə böyük həcmdə valyuta gətirəcək. Eyni zamanda, kadr hazırlığı, texnologiyaların inkişafı baxımından çox önəmli layihədir.
Dövlət başçımız həyata keçirilən nəhəng layihələr barədə danışarkən qeyd olunub ki, Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin "Avro-5" standartına cavab verəcək.
Neftçala Sənaye Parkında "Xəzər" adlı 300-ə yaxın avtomobil istehsal olunub. Zavodun illik istehsal gücü 10 mindir. Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələr yaradılır, 2 milyard dollardan çox sərmayə yatırımı nəzərdə tutulur. Mingəçevir Sənaye Parkında 2 böyük iplik fabriki işləyir, 750 nəfər işlə təmin olunub. Bu il Masallı Sənaye Parkının açılışı olub. Hacıqabul və Sabirabad rayonlarında sənaye məhəllələrinin yaradılması prosesi davam edir.
Bu günə qədər ümumilikdə Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılmışdır. Bu proses də davam etdirilir. Kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir və bu sahədə 4,3 faiz artım var. Təkcə doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıb. Kənd təsərrüfatının inkişafı özünüməşğulluq sisteminin tətbiqi ilə də bağlı olacaq. Bu sistem təkcə kənd təsərrüfatı sahəsini əhatə etməyəcək. Burada da hər il 6-7 min iş yeri yaradılmalıdır. Özünüməşğulluq proqramı xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə olacaq. Eyni zamanda, dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar.
Müşavirədə diqqətə çatdırılıb ki, sosial sahədə ciddi islahatlar aparılır. Bu sahədə "ASAN xidmət”in analoqu yaradılır - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri - DOST mərkəzləri. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Həmin məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrılıb. Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Artıq 100-dən çox şəhərcik salınıb. Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Nəticədə bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq.





Çap et  Çap et