Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.10.2018

Beynəlxalq təşkilatlarla əməkdaşlıq yüksək qiymətləndirilir

Avropa İttifaqında İnsan Alverinə Qarşı Mübarizə Günü 2007-ci ildən etibarən, hər il oktyabrın 18-də qeyd olunur. İnsan alverinə qarşı mübarizə sahəsində səylər birləşdirilməli, əməkdaşlıq gücləndirilməlidir. Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilməkdədir və bu istiqamətdə nailiyyətlər qazanılıb. Azərbaycanın bu sahədə təcrübəsi digər dövlətlər üçün nümunədir.

Bu fikirlər oktyabrın 18-də Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliklərinin Aİ-nin İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunan tədbirində səsləndirilib.

Tədbirdə BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində təşkil edilib. Məqsəd insan alveri və onun mənfi nəticələrinin ictimaiyyətin diqqətinə çatdırılması, Avropa İttifaqının insan alverinin aradan qaldırılmasına yönəlmiş strategiyası, cəmiyyətin həssas qruplarının və miqrantların fundamental hüquqları haqqında ictimai məlumatlılığın artırılması, eləcə də bu sahədə beynəlxalq hüquqi əməkdaşlıqdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilir. Məqsəd insan hüquqlarını müdafiə etmək və insan alverinin qarşısını almaqdır. “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi 2016-cı ildən həyata keçirilir. Layihə cəmiyyətdə insan alverinin qarşısının alınmasına yönəlib. Azərbaycan Hökuməti insan alveri qurbanlarının hüquqlarının müdafiəsi sahəsində səmərəli işlər görür. O, Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafını yüksək qiymətləndirib.

Qeyd olunub ki, Avropa İttifaqı bu cinayətlə mübarizə istiqamətində beşillik strategiya həyata keçirir. Azərbaycan götürdüyü öhdəliklərə uyğun olaraq həm qanunvericilik, həm maarifləndirmə, həm də cinayət təqibi sahəsində fəal iştirak edir.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verib. Bu sahədə ölkəmizdə mükəmməl qanunvericilik bazasının və maarifləndirmə sisteminin mövcud olduğunu qeyd edib. O, BMqT və onun ölkəmizdəki nümayəndəliyi, eləcə də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu, onların ölkəmizə tövsiyələrinin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.

Heydər Heydərov diqqətə çatdırıb ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 14 ildən çoxdur ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilir. Ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməsinin əyani təsdiqi olaraq, bu sahədə BMT və Avropa Şurasının məlum konvensiyaları və protokolları ratifikasiya edilib. 2014-2018-ci illər üçün milli fəaliyyət planları dövlətimizin başçısı tərəfindən təsdiqlənib. Bu sahədə, həmçinin qanunvericilik təkmilləşdirilməklə insan alveri qurbanlarının milli istiqamətləndirmə mexanizmi çərçivəsində qəbul edilmiş 20-dən çox normativ hüquqi aktlara əsasən onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Ölkəmizin insan alverinə qarşı mübarizə strategiyası koordinasiyalı yanaşmanı tətbiq etməklə özündə belə cinayətlərin qarşısının alınması, onun tətbiqi, qurbanlarının müdafiə edilməsi, vətəndaş cəmiyyəti, beynəlxalq və xarici təşkilatlarla əməkdaşlığa dair geniş tədbirləri əhatə edir.

Məlumat verilib ki, ötən müddətdə insan alverinə qarşı mübarizə üzrə milli koordinator institutu, dövlət qurumlarının nümayəndələrindən ibarət idarələrarası komissiya, xüsusi polis qurumu, insan alveri qurbanları üçün sığınacaq, yardım mərkəzi, kömək fondu yaradılıb, milli fəaliyyət planı əsasında bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsinə mərkəzi və yerli icra hakimiyyəti, həmçinin məhkəmə hakimiyyəti orqanları cəlb olunub.

“Xüsusi diqqət maarifləndirmə, təbliğat işlərinə, insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə sosial və iqtisadi təşəbbüslərə, insan alveri əməllərinə olan tələbatın azaldılmasına, potensial qurbanların məşğulluğunun təmin edilməsinə, təhsildən yayınan uşaqların müəyyən edilməsinə və sair preventiv tədbirlərə ayrılıb. Bu istiqamətdə imzalanmış anlaşma memorandumu əsasında 45 qeyri-hökumət təşkilatını özündə birləşdirən koalisiyanı, digər vətəndaş cəmiyyəti nümayəndələrinin, KİV-lərin resurslarından geniş istifadə edilməklə ölkənin bütün şəhər və rayonlarında kütləvi, ictimai-mədəni tədbirlər keçirilib”, - deyə baş idarənin rəisi qeyd edib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Avropada miqrant böhranına toxunaraq, miqrantların həyatlarının ciddi təhlükə altında qaldığını vurğulayıb. Qeyd edib ki, bu, ciddi narahatlığa səbəb olur və insan alverinə qarşı mübarizədə səylərin daha da gücləndirilməsini zəruri edir.

S.Aktorpak deyib ki, Azərbaycanda bu problemə qarşı mübarizə istiqamətində ciddi addımlar atılır. Ümumiyyətlə, insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarının hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər başqa ölkələr üçün nümunədir. Bu sahədə tərəfdaşlığın gələcəkdə davam etdirilməsi önəmlidir.

Müzakirələrdən sonra insan alverinə qarşı mübarizə mövzusuna dair videoçarx nümayiş olunub.





Çap et  Çap et