Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

28.05.2018

ƏÇPA-da xalq cümhuriyyətinin 100 illiyi tədbiri

DÖVLƏTÇİLİYİMİZİN ŞƏRƏFLİ SALNAMƏSİ


Dövlətçilik tariximizin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə mayın 26-da DİN-in Əlahiddə Çevik Polis Alayında da tədbir keçirilib.
Tədbirin əvvəlində çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, milli özünüdərkin və oyanışın nəticəsi olaraq müstəqil dövlətimizin yarandığını, o vaxt yüz ildən artıq çar Rusiyasının əsarəti altında itirilməkdə olan dövlətçilik ənənələrini bərpa etdiyini, müsəlman Şərqində ilk cümhuriyyəti yaratdığını qeyd edib. Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşasa da, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlərlə tariximizdə böyük iz buraxdığını deyən alay komandiri cümhuriyyətin yaranmasını xalqımızın milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdiyini, 70 illik fasilədən sonra Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyini, bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldığını diqqətə çatdırıb. O, ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərində idarəçilikdə buraxılan kobud səhvlər nəticəsində dövlətimizin 1920-ci ildəki aqibəti təkrarlanmaq təhlükəsi ilə üzləşdiyini, bu fəlakətin 1993-cü ilin iyununda, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə aradan qaldırıldığını, ulu öndərimizin xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdiyini, onun rəhbərliyi ilə qısa müddətdə dövlətçiliyin təməl prinsiplərinin yaradılaraq möhkəmləndirildiyini bildirib.

Daha sonra çıxış edən Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli qeyd edib ki, ötən əsrin əvvəllərində cərəyan edən qlobal proseslərin obyektiv nəticəsi kimi 1918-ci il 28 mayında istiqlaliyyətini bütün dünyaya bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ölkəmizdə və xaricdə son dərəcə mühüm və əlamətdar hadisə kimi qeyd edilir. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət quruluşunu yaratmış cümhuriyyət cəmi 23 aylıq mövcudluğu dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu, müstəqillik əzmini əyani şəkildə nümayiş etdirmişdir.

1918-1920-ci illərdə respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, milli pulun dövriyyəyə buraxılması, ordunun, parlamentin, təhlükəsizlik strukturlarının formalaşdırılması, mətbuatın inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin parlaq uğurları kimi xatırlanır. Milliyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin tanınması, dövlətçilik atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşması müstəqil dövlətin böyük uğurları idi.

D.Əzimli bildirib ki, tarixin bizə verdiyi şansdan yararlanaraq ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində də ciddi sınaqlarla üz-üzə qalan dövlətçiliyimiz yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ulu öndərimizin titanik fəaliyyəti nəticəsində xilas oldu. Bu gün Azərbaycanda dövlət adından qəbul edilən bütün qərarlar yalnız və yalnız Azərbaycanın öz müstəqil qərarlarıdır.
Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.





Çap et  Çap et