Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.05.2018

Narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri

Narkomaniya ilə mübarizəyə həsr olunmuş  maarifləndirmə tədbirinin bu dəfə də 271 nömrəli məktəbdə keçirilməsi, polislərin müəllim və şagird kollektivi ilə xoş ünsiyyəti, səmimi münasibəti onu deməyə əsas verirdi ki, burada həmkarlarımızı yaxından tanıyırlar. Yəni bu ilk tədbir deyildi...

Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli film nümayiş olundu.

Sonra məktəbin direktoru Səməndər Məmmədov tədbiri açıq elan edərək dedi ki, polisin təşəbbüsü ilə keçirilən tədbirlər gələcəyimiz olan uşaqları, gəncləri qorumaq üçün ölkə və DİN rəhbərliyinin atdığı ən mühüm addımlardan biri olmaqla yanaşı, həm də bir vətəndaş yanğısıdır. 

Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, RPİ-nin əməkdaşı, polis kapitanı Elvin Xankişiyev bu bəla ilə mübarizənin dövlət siyasətinin ayrılmaz hissəsi olduğundan və bu ilin müvafiq dövrü ərzində RPİ tərəfindən  görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışdılar. 

Həkim-narkoloq Pərvin Abbaslı müəyyən yaş dövrlərində uşaqların, yeniyetmələrin özlərini təsdiq etmək üçün hər hansı bir "qəhrəmanlığa" hazır olduğunu və onların bu çılğınlıqlarından da bəzi qüvvələrin vaxt itirmədən yararlandığını diqqətə çatdırdı.

DİN Baş İctimai Təhlükəsziklik İdarəsnin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov təmsil etdiyi qurumun uşaqlarla və gənclərlə apardığı xidməti fəaliyyətdən söhbət açdı, narkomaniyanın təkcə bir nəfəri deyil, yüzlərlə insanı ağuşuna almasını əsl fəlakət adlandırdı. O, həmçinin ölkəmizdə Uşaq Məlumat Bankının yaradıldığını da diqqətə çatdırdı.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində polisin təşəbbsü ilə keçirilən tədbirlərə ictimaiyyətin dəstəyinin vacibliyini vurğuladı.

Sabunçu RPİ-nin rəisi, polis polkovniki Eldar  İlyasov son dörd ayda 7 kiloqramdan çox ağır təsir edici narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına diqqət çəkərək bildirdi ki, hər şey məktəbdə, ailədə öz həllini tapmır və bəla ilə mübarizəyə cəmiyyətin dəstək verməsi ən önəmli şərtlərdəndir.

Uşaqlara, yeniyetmələrə, gənclərə sağlam vərdişləri, məsələn idmanı, yaxşı oxumağı aşılamağın vacibliyini bildirən E.İlyasov rayonda bir çox idman kompleksinin fəaliyyət göstərdiyini və onların qapılarının təmənnasız olaraq gənclərin üzünə açıq olduğunu bildirdi.

Sonda qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırdılar.





Çap et  Çap et