15.05.2018
Gəncliyimiz, gələcəyimiz naminə
Gəncliyin fiziki və mənəvi sağlamlığında ciddi fəsadlar yaradan narkomaniyanın, erkən nikahların yolverilməzliyi və dini radikalizmin qarşısının alınması mövzusunda polisin keçirdiyi maarifləndirici tədbirlər artıq ənənə halını alıb.
Bu günlərdə Tovuzun Yuxarı Öysüzlü kənd tam orta məktəbində Polis Şöbəsi Rayon Ağsaqqallar Şurası ilə birgə “Erkən nikah və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirib.
Tədbirdə çıxış edənlər erkən nikahların doğurduğu problemlər və fəsadlar barədə danışaraq, belə halların çox zaman savadsızlıq və cəhalətdən qaynaqlandığını vurğulayıblar. Cəmiyyətin və onun gəncliyinin sağlamlığının dövlətimiz üçün ən vacib amil olduğu diqqətə çatdırılıb.
Məktəb, valideyn və polis həmrəyliyinin, yeniyetmələrin təhsilə, elmə, idmana olan həvəsinin düzgün istiqamətləndirilməsinin onların pis vərdişlərdən uzaqlaşdırmağın ən səmərəli yolu olduğu bildirilib.
Qeyd edilib ki, davamlı olaraq, keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri geniş məlumatlandırmaq məqsədi daşıyır.