Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.05.2018

Dünyaya pəncərə

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev aprelin 16-da insanların xilası üçün öz həyatlarını riskə atan şəxsləri təltif edib. Onların arasında azərbaycanlı da olub.
Polis polkovniki Aydın Qəmbərov həmin gün iş başında olmasa da, məktəblinin suya düşməsini eşidəndə dərhal hadisə yerinə gedib. “Bir oğlan suya düşmüşdü, mən üzü üstə uzandım, tanışım kömək edirdi. Polis olduğum üçün həmişə insanlara kömək etməyi özümə borc bilirəm”, - Aydın Qəmbərov deyib.
A.Qəmbərov göstərdiyi cəsarət və fədakarlığa görə təltif edilib.

***
Gürcüstanın Daxili İşlər Nazirliyi ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan 400 kiloqramdan çox narkotik və psixotrop maddəni qanunsuz dövriyyədən çıxararaq məhv edib.
Daxili işlər naziri Giorgi Qaxariya jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə cinayətkarlığın və xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq, ictimai sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək məqsədilə xüsusi layihə hazırlanıb. Bu layihə bir çox ölkələrin təcrübəsinə əsaslanaraq hazırlanıb.
Nazir qeyd edib ki, Gürcüstan narkotiklərə qarşı mübarizə sahəsində qonşu ölkələr, o cümlədən Azərbaycan ilə sıx və səmərəli əməkdaşlıq edir.

***
Rusiya Daxili İşlər Nazirliyi 2018-ci ildə polis əməkdaşlarının məzuniyyətlərini hansı xarici ölkələrdə keçirə biləcəyi ilə bağlı siyahını açıqlayıb. Artıq bununla bağlı daxili işlər naziri Vladimir Kolokoltsev 2017-ci ilin dekabrında müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, rusiyalı polislər 2018-ci ildə dünyanın 30 ölkəsində istirahət edə bilərlər ki, Azərbaycan da bu ölkələr sırasındadır. Azərbaycan digər növ istirahətlərlə yanaşı, həm də dəniz istirahəti üçün məsləhət bilinən ölkələr sırasındadır.
Rusiya Turist Operatorları Assosiasiyası da bildirib ki, Azərbaycanda həm dəniz, həm dağ, həm də digər növ turizm imkanları mövcuddur.

***
Ukraynanın Baş naziri Vladimir Qroysman işıqforlarda sarı işığın ləğvi ilə bağlı tapşırıq verib. Bu barədə nazir müavini Yuriy Lavrenyuk Facebook-da yazıb. Onun sözlərinə görə, işıqforda sarı işığın olması yol qəzalarının çoxalmasına səbəb olur. Buna görə də, işıqforda yalnız qırmızı və yaşıl işıqların olması məqsədəuyğundur.

***
Cənubi Uels polisi “WhatsApp” vasitəsilə 11 nəfərin narkotik satıcısı olduğunu sübut edə bilib. 2017-ci ilin avqustunda Bricenddə reyd zamanı böyük ölçüdə kokain və marixuana ələ keçirilib. Araşdırma zamanı polis müxtəlif şəkillərin olduğu telefonda tapıb. Şəkildə ovuc içində ekstazi göstərilib və bundan reklam kimi istifadə edilirdi. Qurğuda fotonun əməliyyatlar üçün istifadə edildiyini göstərən mesaj da aşkarlanıb.
Ekspertlər şəkildən barmaq izlərini götürə biliblər və bu izlər narkotik alveri ilə məşğul olan şəbəkəni aşkar etməyə kömək edib.
Cənubi Uels polisinin sözlərinə görə, “WhatsApp” şəklindən barmaq izi götürmə bir ilkdir. Onun sözlərinə görə,bu sosial şəbəkələrdə olan şəkillərin sübut kimi istifadə edilə biləcəyinin göstəricisidir. "Dilerlər tutulmamaq üçün texnologiyadan istifadə edirlər və biz də onların üsulundan istifadə etməliyik", - deyə bildirilib.

***
Dubayda avtomobillərdə metal dövlət nömrə nişanları rəqəmsal qeydiyyat nişanları ilə əvəz ediləcək. “Tag to Connect” adlanan rəqəmsal nömrələr ağıllı ekrandır. "Belə nömrələr sürcüləri hər il xidmət mərkəzlərinə gəlib nömrələrin yenilənməsi ehtiyacından azad edəcək. Avtomobillərin qeydiyyatı isə texniki baxışdan sonra avtomatik yenilənəcək ", - deyə Yol və Nəqliyyat İdarəsinin nümayəndəsi bildirib. Qeyd olunub ki, avtomobil sahibləri qeydiyyat nömrələrini mobil yükləmələr və ya idarənin saytı vasitəsilə yeniləyə biləcəklər.





Çap et  Çap et