Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.01.2023

İl qələbələrlə yadda qaldı

Azərbaycan gəncliyinin artan uğurları, dünyanın idman meydanlarında qazandığı qələbələr idman tariximizin şanlı səhifələrinə çevrilib. Yola saldığımız il böyük idman hadisələri ilə yadda qaldı. Sevindirici haldır ki, DİN İdman Cəmiyyətinin yetirmələri, eləcə də polis idmançılar ötən il ciddi uğurlar əldə etdilər.
2022-ci il ərzində daxili işlər orqanları əməkdaşları tərəfindən qazanılmış 29 medaldan 17-si beynəlxalq arenalarda, Avropa və dünya çempionatlarında əldə olunub. Ümumiyyətlə ötən il ərzində DİN-in İdman Cəmiyyətinin yetirmələri ölkə və beynəlxalq miqyaslı yarışlarda 143 medal qazanıblar ki, onlardan da 49-u qızıl, 42-si gümüş, 52-si isə bürüncdür. Medalların 46-sı yeniyetmələrin, 44-ü gənclərin, 53-ü böyüklərin payına düşür. Beynəlxalq miqyaslı yarışlarda 51, respublika birincilik və çempionatlarında isə 92 medal qazanılıb.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyləri Oyunlarında DİN DQ-nin idman komandasının məşqçi-müəllimi, kapitan Ruslan Lunyov güllə atıcılığı üzrə 4 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olub.

Bundan əlavə,İdman Cəmiyyətinin idman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov və fiziki hazırlıq şöbəsinin baş inspektoru, polis kapitanı Elşən İbişov, Əlahiddə Çevik Polis Alayının əməkdaşları Məmmədəli Mehdiyev, Asif Səlimli, Azər Fətullayev, Anar Məmmədov, Polis Akademiyasının fiziki hazırlıq kafedrasının müəllimi, polis kapitanı Natiq Eminov dünya və qitə çempionatlarında, dünya kuboku yarışlarında yüksək nəticələr əldə ediblər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2022-ci ilin yekunlarına görə reytinq cədvəlində DİN-in İdman Cəmiyyətinin 4 təmsilçisi: güllə atıcısı Ruslan Lunyov, stend atıcıları Nurlana Cəfərova və Fuad Qurbanov, cüdoçu Məmmədəli Mehdiyev ilin ən yaxşı on idmançısı siyahısında yer alıb.
Qeyd edək ki, yola saldığımız il ərzində respublikanın idman həyatında göstərdiyi yüksək nailiyyətlərə görə Cəmiyyətin idman-təlim şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Radik Hüseynov və Baş Mühafizə İdarəsinin əməkdaşı Cavid Çələbiyev “Tərəqqi” medalına layiq görülüb, güləşçimiz İslam Abbasov mükafat qaydasında evlə təmin olunub.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər