Logotype

1933-cü ildən çıxır

Xəbərlər

23.12.2022

Gələcəyi əmin əllərə təslim edək

Antinarkotik tədbirləri çərçivəsində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında müəllim-şagird kollektivinin, Nərimanov RPİ əməkdaşlarının və polis veteranlarının iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici görüş keçirilib.

Gimnaziyanın direktoru İlqar Talıbov giriş sözü ilə çıxış edərək polis əməkdaşlarının narkomaniya ilə mübarizədə sərgilədikləri əzmkarlıq və qətiyyətdən danışıb, polis-məktəb-valideyn həmrəyliyindən bəhs edib.
Daha sonra Nərimanov RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirlərindən söhbət açıb. “Ağ ölüm” adlı qlobal bəlaya qarşı ölkəmizdə həm dövlətin aidiyyəti güc strukturları, həm də digər dövlət qurumları ilə birlikdə aparılan mübarizənin müsbət nəticə verdiyini deyən idarə rəisi, cari ildə təkcə Nərimanov rayonu üzrə 50 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, 260-dan çox şəxsin cinayət məsuliyyətinə cəlb edildiyini qeyd edib.

Narkomaniyaya qarşı aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətinə də toxunan V.Müslümov şagirdlərə narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı, qarşılaşdıqları belə hallar olduqda valideynlərinə və müəllimlərinə, eləcə də polisə məlumat vermələrini tövsiyə edib.

DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov polis əməkdaşlarının qanunsuz dövriyyədən çıxardıqları hər qram narkotik vasitənin ilk növbədə çoxsaylı cinayətlərin qarşısının alınması, digər tərəfdən isə neçə-neçə gəncin, ailələrin qorunması anlamına gəldiyini söyləyib. Polisin əməliyyat tədbirlərinin güclü ictimai dəstək gördüyünü, eyni zamanda, maarifləndirici görüşlərin geniş vüsət almasının cəmiyyətdə təqdir edildiyini yada salan rəis müavini, birgə mübarizə sayəsində bəşəriyyətin düşməni narkomaniyanın, nəhayət, məğlub ediləcəyinə inamını ifadə edib.

Tədbir zamanı 17-ci Polis Şöbəsinin YYÇ üzrə inspektorları, polis kapitanı Emin Zeynalov, polis leytenantı Könül Yusibova və polis leytenantı Xəlil Hüseynov gimnaziyada mütəmadi ünsiyyətdə olduqları məktəblilərin uğurlarından söz açıblar. Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”-də gimnaziyanın IX sinif şagirdləri Fatih Emçiyev və Araz Çıraqovun qatıldığı "RoboForce" komandası "VEX İQ" kateqoriyasında birinci yeri, bundan başqa, "Best of the Best" - "Yaxşıların yaxşısı" nominasiyasını qazanıblar. 9b sinif şagirdi Hacı Bəbirov da fərqlənən məktəblilərdəndir.
Sonda iştirakçıları maraqlandıran sualları cavablandıran polis əməkdaşları belə şagirdlərin timsalında gələcəyimizin əmin əllərə təslim ediləcəyini vurğulayıblar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər