Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.12.2022

Vətənə xidmətdə keçən ömür

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad olunub, digər Sərəncamla polis general-mayoru Oqtay Kərimov nazir müavini təyin edilib.
Bu münasibətlə dekabrın 17-də Daxili İşlər Nazirliyində naziryanı əməliyyat müşavirəsi keçirilib.

DİN-in baş idarə və idarə rəislərinin də iştirak etdiyi müşavirədə nazir, general-polkovnik Vilayət Eyvazov Oruc Zalovu 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm can sağlığı arzulayıb. Nazir Oruc Zalovun daxili işlər orqanlarında uzun müddət qüsursuz xidmətlərini, dövlətçilik prinsiplərinə sadiqliyini, ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində yüksək peşəkarlıq, təşkilatçılıq və idarəçilik bacarığı nümayiş etdirdiyini, şəxsi heyət arasında xidməti intizamın, qanunçuluğun möhkəmləndirilməsi işində diqqətəlayiq rolunu yüksək qiymətləndirib, yubilyarın daxili işlər orqanlarının hər bir əməkdaşına, o cümlədən gənc zabitlərə örnək ola biləcək şərəfli xidmət yolu keçdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, O.Zalov xidmət etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda” medalı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” və bu il dekabrın 8-də təltif olunduğu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunması onun timsalında daxili işlər orqanlarının şəxsi heyətinə olan etimadın və etibarın bariz nümunəsidir.

O.Zalova gələcəkdəki işlərində də uğurlar arzulayan nazir, qazandığı zəngin təcrübəni bundan sonra da gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, cəmiyyətdə polisin nüfuzunun və imicinin qorunub-saxlanılması işinə yaxından kömək edəcəyinə əminliyini ifadə edib.

Səmimi təbrikə, yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlığını bildirən Oruc Zalov hüquq mühafizə siyasətinin uğurlu nəticələrindən, Azərbaycan Polisinin cinayətkarlığa qarşı apardığı mübarizədən qürur duyduğunu, bundan sonra da öz bilik və təcrübəsini gənc həmkarlarından əsirgəməyəciyini qeyd edib.

Daha sonra nazir müavini vəzifəsinə təyin edilmiş polis general-mayoru O.Kərimovu müşavirə iştirakçılarına təqdim edən nazir V.Eyvazov onu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edərək xidməti fəaliyyətində uğurlar arzulayıb və belə məsul bir vəzifənin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər