Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.12.2022

Yol Polisi maarifləndirir

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Slavyan Universitetində tələbələrlə maarifləndirici görüş keçiriblər.
Universitetin pedaqoji heyətinin və tələbələrin iştirakı ilə baş tutan tədbirdə Bakı şəhər DYPİ-nin Hərəkətin təşkilinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Araz Əsgərli mövzu ilə bağlı ətraflı çıxış edib.

Yol hərəkət qaydalarının tələblərinə əməl etməməyin ağır yol-nəqliyyat hadisələrinin əsas səbəbi olduğunu vurğulayan həmkarımız ötən ilin statistik nəticələrinə nəzər salıb. Qeyd edib ki, 2021-ci ildə yol-nəqliyyat hadisələrində 7 yaşa qədər 13, 7-16 yaş aralığında 36, 18-20 yaş arasında 17, 21-24 yaş aralığında 38, 25-64 yaş aralığında 510, 65 yaşdan yuxarı isə 84 nəfər ölüb. Yol hərəkət qaydasının pozulması nəticəsində həyatla vidalaşanların sayına diqqət çəkən A.Əsgərli tələbələrə yolda hərəkətdə olarkən diqqətli olmağı tövsiyə edib. Eyni zamanda yol polisinin keçirdiyi maarifləndirici tədbirlərdə cəmiyyətin savadlı kəsimi olan tələbələrin yaxından iştirak etməsi ilə hadisələrin sayının minimuma endirilməsinin mümkünlüyünü bildirib.
Diskussiya şəraitində keçirilən görüşdə iştirakçıların sualları cavablandırılıb.


*****


Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı növbəti tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 266 nömrəli tam orta məktəbdə baş tutub. Tədbir çərçivəsində “Uşaqlar yol hərəkəti qaydalarını necə öyrənib?” mövzusunda intellektual yarış keçirilib.
Yarış yol hərəkəti təhlükəsizliyinin öyrədilməsi, yol hərəkəti iştirakçılarının, xüsusən uşaqların yeni biliklər əldə etməsi məqsədi daşıyıb.
Tədbirdə Azərbaycan Milli Avtomobil Klubunun layihə meneceri Həsən Xıdırov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllim heyəti, valideynlər, həm də Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli münsiflər heyəti qismində iştirak edib.
İbtidai sinifin şagirdlərindən təşkil olunmuş 4 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. Tədbirin sonunda qaliblər mükafatlandırılıb.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər