Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.11.2022

Zəfər gününə həsr olunmuş tədbirlər keçirilib

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlara layiqli cavab vermək, işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandan İlham Əlieyevin əmri ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başladıq. Cəmi 44 gündə darmadağın olan düşmən ordusu kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Vətən müharibəsində DİN Daxili Qoşunlarının da 66 hərbi qulluqçusu şəhid oldu, 346 nəfər yaralandı.

Noyabrın 2-də DİN Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən 16075 saylı hərbi hissəsində 8 noyabr - Zəfər Gününün 2-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə DİN Baş Cinayət-Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, eləcə də ŞPİ-nin əməkdaşları, hərbi hissə komandiri, polkovnik Rəşadət Süleymanov, şəhidlərin ailə üzvləri, qazilər, həmçinin veteran hərbçilər iştirak ediblər.

Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə ehtiram olaraq yaradılmış abidə kompleksi önünə əklil qoyulub, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndikdən sonra tədbiri açıq elan edən hərbi hissə komandiri, polkovnik R.Süleymanov 44 gün sürən hərbi əməliyyatlar nəticəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərin işğaldan azad edildiyini bildirib. O, həmçinin, döyüş tapşırıqlarını icra edərkən komandiri olduğu hərbi hissənin 54 nəfərdən ibarət şəxsi heyətinin 6 hərbi qulluqçusunun şəhid olduğunu, 30 nəfərin isə yaralandığını qeyd edib.

Tarixi ədalətin bərpa olunması uğrunda gedən döyüşlərdə Daxili Qoşunların hərbi qulluqçularının gələcək nəsillərə örnək igidlik və rəşadət nümunələri göstərdiyini deyən ŞPİ-nin rəisi, polis polkovniki F.Azadəliyev II Qarabağ savaşında Qoşunların 4 hərbi qulluqçusunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, 985 nəfərin isə müxtəlif orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. İdarə rəisi müharibədən sonrakı dövrdə də şəhidlərimizin xatirəsinin daim ehtiramla yad olunduğunu, ailə üzvlərinə DİN rəhbərliyi tərəfindən diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.

Tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edən DİN BCAİ-nin rəisi, polis general-mayoru A.Daşdəmirov Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək cəmi 44 gün ərzində “Dəmir yumruq”la düşmənin başını əzdiyini, ona tarixi bir dərs verdiyini, döyüşlərdə Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik nümunələri göstərdiyini və tarixə qızıl həriflərlə yazılan bu qəhrəmanlığın xalqımız tərəfindən daima xatırlanacağını bildirib.
Mərasimdə şəhid ailələrinin üzvləri, qazilər, veteran hərbçilər və digər qonaqlar da çıxış ediblər.

Sonra şəhid ailələrinə plaketlər, qazilərə “Fəxri fərmanlar” təqdim olunub.
Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.
Paytaxtın 67987 saylı hərbi hissəsində də Zəfər coşqusu ilə keçirilən tədbirdə iştirak edən müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə ölkəmizin daha böyük uğurlara imza atacağına, qarşıda duran hədəflərə çatacağına inamlarını ifadə ediblər.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər