23.10.2022
Bu, həm də vəzifə borcudur...
Polisin həyat qurtarmaq üçün köməyə çatmasını, operativliyini özündə əks etdirən görüntülərin sosial şəbəkələrdə dəfələrlə şahidi olmuşuq. Həm tərəfimizdən maraqla qarşılanan, həm də ictimaiyyətin diqqətini çəkən bu faktlara izləyicilərin münasibəti “Polis xilaskardır” fikri ilə öz möhrünü vurub. Bir neçə gün öncə şahidi olduğum hadisəyə də polisin müdaxiləsi bir göz qırpımında oldu.
Bakı Dəmiryol Vağzalında eskalatorla qalxan sərnişinlərdən birinin halının pisləşməsini görən Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib rəhbərliyə məruzə etdikdən sonra təcili tibbi yardımla əlaqə saxladılar.
Həkim müayinəsindən sonra məlum oldu ki, vətəndaş hipertoniyadan əziyyət çəkir. Polis əməkdaşları Bakı şəhər sakini M.Vəliyevanın vəziyyəti barədə yaxınlarına da məlumat verdilər.
Həmin gün xidmətdə olan və vətəndaşın köməyinə çatan həmkarlarımızın adını qeyd etməyi özümüzə borc bilirik:
DYNPİ-nin polis baş serjantı Natiq Qafarov, polis serjantı Şahmar Paşanov və polis kiçik serjantları Fuad Abbaslı, Səddam Sadıqov, Pərviz Ələkbərov, İlkin Şamxalzadə.
Ruslan Vəliyev,
polis baş leytenantı