Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.08.2022

Həsrət də bitdi, möhnət də

Söhbət Laçın həsrətindən, Laçın möhnətindən gedir. O Laçın ki, onun həsrətindən 30 ildir ürəyimiz yara bağlayıb. Bir gözümüz güləndə, o biri gözümüz ağlayıb, yaşı içimizə dolub...
Laçın mənim dünyaya göz açdığım, məni dünyaya gətirmiş valideynlərimin haqq dünyasına qovuşduqları məkandır, qədim yurd yeridir.

Bəzən insan dünən kiminlə harada, hansı mövzuda söhbət etdiyini xatırlaya bilmir. Amma 30 ildir Azərbaycan Televiziyasının "Xəbərlər" proqramından və "Cəbhə xəttindən" adlı verilişdən eşitdiyim iki xəbər qulaqlarımda indi də səslənir. 1992-ci ilin may ayında eşitdiyim xəbər qısa və konkret idi: "Laçın itirilmişdir". İki ay sonra, iyul ayında Şəmistan Əlizamanlının elan etdiyi xəbər isə belə idi: "Bu gün Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə 7 həmyerlimiz şəhid olmuşdur".

Qeyd edim ki, həmin 7 şəhidin biri mənim doğmaca dayım oğlu (həm də övladlarımın dayısı), 24 yaşlı Qasım Alxasov idi. Rusiyada yaşayırdı. Xarici ölkələrə üzən gəmilərdə işləyirdi. Uzaq Şərqdəki dolanışıqlı işini, rahat həyatını qoyub Vətənə qayıtmışdı. Məzarı Bakıda-Şəhidlər Xiyabanındadır...

Etiraf edək ki, Vətən müharibəsi başlayana qədər, elə ondan sonrakı dövrdə də Ali Baş Komandandan həmişə qələbə soraqlı xəbərlər eşitmişik. Düzdür, diplomatik müstəvidə qazandıqlarımızı, daha doğrusu, cənab Prezidentin siyasət meydanındakı qələbələrini gördükcə, ürəyimizdə artıq sözü silaha verməyin vaxtı çatıb demişik. Şükürlər ki, o müqəddəs cümlə müzəffər Prezidentimizin hücum əmri kimi Şuşaya yenidən bayraq sancmaq üçün ürəyi yanan oğulları düşmən üstünə apardı və nəticəsini xalqımız da gördü, dost da, düşmən də...
Laçının işğaldan azad olunması xəbərinə hamılıqla sevinirik. Amma bir şey də var ki, Laçın da 44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmişdir. Artıq həsrət də, möhnət də bitmişdir.

Bu gün Laçında ucalan bayraq üzü Zəngəzura doğru həsrətlə dalğalanır. Həsrətimiz bizi yenə də Vətən sarı dartır. Hələ görüləsi çox işimiz, tikiləsi çox yuvamız var.
Laçındayıq, ordumuz, Azərbaycan əsgəri Laçındadır. Laçın qayaların başında laçın oğullar Vətənin keşiyini çəkirlər.

Rahib Qarayev,
istefada olan polis polkovniki

Geriyə Çap et


Faydalı keçidlər
Linklər