Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.08.2022

Dövlətin keşikçiləri

Аzərbаycаnın dövlətçilik tаrixinə hüquq mühafizə sistemindəki xidməti ilə düşmüş məşhur bir nəsil, bir soyad var – Qanbayevlər. Atadan oğula, oğuldan nəvəyə keçən və bir xalqın nəhayət bir gün müstəqil dövlət qurmaq arzularına işıq tutan şəcərənin ta ki 18-ci əsrdən bəri gələn şərəfli yolu günümüzə qədər çatıb. Hüquq mühafizə orqanları dövlətin ən mühüm təsisatlarından olduğuna görə bu nəslin uniforma daşıyan hər bir nümayəndəsinin xidməti, eyni zamanda dövlətin, xalqın keşiyini çəkmək anlamına gəlir istər-istəməz.

Bu ailənin Xanbala Qanbayevdən başlayan vətənə, dövlətə sədaqətli xidmət estafetini onun iki övladı – prokuror Ənzəli və milis əməkdaşı Gəncəli Qanbayev qardaşları alıb. Şərur, Sabunçu, Yasamal, Suraxanı rayon prokurorluqlarının müstəntiqi, daha sonrakı ayrı-ayrı illərdə Neftçala rayonunun, Bakı şəhər prokurorluğunun daxili işlər orqanlarının istintaqa və təhqiqata nəzarət üzrə şöbəsinin prokuroru vəzifəsində çalışmış Ənzəli Qanbayev qanunun aliliyinə inanan cəmiyyət quruculuğunun yükünü çiyinlərinə götürənlərdən olub. Qardaşı isə ata məsləyini Şirvan şəhər Milis Şöbəsində əvvəlcə rəis müavini, sonra isə rəis vəzifəsində çalışmaqla davam etdirib.
Ənzəli Qanbayevin hüquq mühafizə orqanlarında dövlətin mənafeyi naminə çalışmış Eldar və Dəyanət adlı övladlarının da xalqımızın cinayətkar qəsdlərdən qorunmasında, xüsusən təhlükəsizlik orqanlarının milliləşdirilməsində müstəsna xidmətləri vardır...

Bu ailənin dövlətə xidmət etməsinin başlanğıcı sovet dönəminə təsadüf etsə də, qanunların icrasına nəzərət edən, onun aliliyinə birbaşa cavabdeh olan “paqon” daşıyanların soyadı hüquqi cəmiyyət qurucuları kimi hər zaman dərin hörmətlə çəkilir, çəkilməlidir də. Çünki sаğlаm vətəndаş cəmiyyəti qurmаq və güclü dövlət yaratmaq üçün, ilk növbədə, ölkədə sаbitlik, əmin-аmаnlıq olmalıdır. Bu isə qanunun aliliyinə inanan cəmiyyət formalaşdırmaqla mümkün olur. Tariximizin sovet dönəmində hüquq mühafizə orqanlarının əməkdaşları məhz buna çalışıblar və institutlaşmış qurum yaratmağa nail olublar. Elə bu səbəbdən polisin də milis dövrü bizim üçün önəmlidir.

Bu varislik xətti bu gün Qanbayevlər adına da davam edir. Eldar Qanbayevin oğlu, Şirvan ŞPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı Toğrul Qanbayev sözün əsl mənasında, nəsildən-nəsilə keçən məsuliyyətli, çətin, eyni zamanda, şərəfli yolun davamçısıdır. Bəlkə bunu obrazlı dillə vətənin müdafiəsində, xalqın, vətəndaşın qanuni maraqlarının qorunmasında Qanbayevlərin növbə dəyişimi kimi də ifadə edə bilərik. Bu gün Vətən növbəsində həmkarımız Toğruldur...

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər