Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.08.2022

Bizə Qələbə yaraşır

Konyada keçirilən V İslamiadadan aldığımız xoş xəbərlər əslində, dövlətimizin idmana və idmançılara verdiyi dəstəyin ifadəsidir. İdmanın ölkəmizdə ümummilli hərəkata çevrilməsi gələcəyimiz olan gənclərin zərərli vərdişlərdən uzaq durmasını, onların böyük uğurlara imza atmasını şərtləndirən amillərdəndir. DİO əməkdaşlarının da sərhədlər aşan qələbə xəbərlərini eşitməyə bir növ adətkar olmuşuq.

Yeri gəlmişkən, İslamiadaya qatılan 4 polis əməkdaşından biri - Əlahiddə Çevik Polis Alayının tağım komandiri, polis leytenantı Dadaş Dadaşbəyli ağırlıqqaldırma üzrə 102 kiloqram çəki dərəcəsində birdən qaldırmada 174 kiloqram qaldırmaqla rəqiblərini üstələyib və medal qazanıb.
DİN İdman Cəmiyyətindən verilən məlumata görə, cəmiyyətin yetirmələri, həmçinin həmkarlarımızın övladları bu oyunlarda iştirak edirlər. Onların da nailiyyətləri var. Həmkarımız, təqaüddə olan polis polkovnik-leytenantı Radik Hüseynovun oğlu, yunan-Roma güləşi üzrə Avropa çempionu Rafiq Hüseynov 82 kiloqram çəkidə İslamiadanın qalibi olub.

Stend atıcılığı üzrə 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edən, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında isə 2 gümüş medal qazanan Nurlana Cəfərova və Fuad Qurbanov Konyada qızıl medal qazanaraq himnimizi səsləndiriblər.
Taekvondoçu Fəridə Əzizova (67 kq) da Azərbaycanın aktivinə qızıl medal yazdıraraq oyunların qalibi olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Ruhiyyə Əliyeva,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər