Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.08.2022

Hörmətlə anır, ehtiramla yad edirik

Təqaüddə olan polis polkovniki Müseyib İlyasov haqqa qovuşdu
O, mənalı həyatının 40 ilə yaxın dövrünü daxili işlər orqanlarına həsr edərək şərəfli bir yol keçmiş, Vətənə və xalqa sədaqətlə xidmət etmiş, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, böyük idarəçilik və təşkilatçılıq bacarığı, işgüzarlığı, yüksək intellektual səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə seçilməyi bacarmışdı.

Təqaüdə çıxdıqdan sonra da dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsində canını fəda edən, ayıq-sayıq xidməti ilə cinayətkarlığa qarşı ciddi mübarizə aparan hüquq-mühafizə orqanlarının, o cümlədən, Azərbaycan Polisinin nüfuzunun yüksəlməsi üçün polis veteranı kimi üzərinə düşən vəzifəni bir vətəndaş yanğısıyla, özü də layiqincə icra edirdi. Yüzlərlə əməkdaşın yetişməsində əməyi vardı. Şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında əlindən gələni əsirgəmirdi.

Tanıyanlar, bilənlər bu gün də M.İlyasovun açılmayan cinayətlərin üstünü isti izlərlə açmaq bacarığından, idarəçilik mexanizmini təkmilləşdirməsindən sevə-sevə danışırlar.
Kiçik bir xatırlatma: Polis polkovniki Müseyib İlyasov 1926-cı ildə Qubada doğulub. 1944-cü ildə hərbi xidmətə çağırılaraq Don cəbhəsində 191-ci ehtiyat alayının tərkibində xidmətə başlayıb. Müharibə başa çatandan sonra hərbi xidməti Sərhəd Qoşunlarında keçib. 1945-ci ilin may-oktyabr aylarında Kiçik Komandirlər Məktəbində təhsil alıb. 1950-ci ildə ordu sıralarından tərxis olunub. 1951-1955-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Xaçmaz şöbəsində əməliyyat işində xidmətini davam etdirib və taleyini milislə bağlayıb. Moskvada Ali Milis Məktəbini bitirib. Bir çox şəhər və rayonlarda rəis vəzifəsində qüsursuz xidmət edib. 1975-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatına təyinat alıb. Əvvəlcə qərargah rəisinin müavini, 1978-1988-ci illərdə qərargah rəisi və nazir müavini vəzifələrində çalışıb. 1990-cı ilin fevral ayında milis polkovniki rütbəsində təqaüdə çıxıb...
Ömür vəfa etsəydi 100-ü
haqlayacaqdı. Hörmətli veteranımız iyulun 23-də 96 yaşında haqqa qovuşdu. Allah rəhmət eləsin!

T.Hafiz

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər