Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.08.2022

Təhlükəsizliyi təmin edir, asayişi qoruyurlar

Zəngilanın Ağalı kənd sakinlərinin 30 illik həsrətinə son qoyuldu və onlar mərhələli şəkildə doğma yurd yerlərinə böyük sevinc hissi ilə qayıtdılar.
Düşmən tərəfindən dağıdılaraq yerlə-yeksan edilmiş kənd yenidən qurularaq əvvəlkindən də yaxşı, müasir görkəm alıb. Burada “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Qəsəbədə “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Eyni zamanda, kənddə yüksək sürətli internet şəbəkəsi qurulub. Kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri, habelə digər ictimai iaşə obyektləri də sakinlərin ixtiyarına verilib.

İllər sonra yurd-yuvalarına qayıdan Ağalıların təhlükəsizliyinin təmini, asayişin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan Rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Yeni məntəqədə hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqlarla təchiz olunub.
Yenidən doğma torpaqlarımıza qayıdış hamı kimi Zəngilan RPŞ-nin əməkdaşlarının da böyük sevincinə səbəb olub.

Yeri gəlmişkən, Zəngilan döyüşən, döyüşlərə şahidlik edən rayon olduğundan şöbənin əməkdaşları düşmən torpaqlarımıza göz dikən gündən döyüşlərə qatılıb, son damla qanlarınadək vuruşaraq qəhrəmanlıq salnaməsi yazıblar. 1994-cü ildə Horadizin alınmasında Zəngilan RPŞ-nin əməkdaşları dillərə dastan olan fədakarlıqlarla tarixə düşüblər. Birinci Qarabağ döyüşlərində Zəngilan Rayon Polis Şöbəsinin 17 nəfər əməkdaşı rəşadətlə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Onlardan Mehbalıyev Müşfiq Əjdər oğlu ölümündən sonra “İgidliyə görə” medalına layiq görülüb.
Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarov “Polis”ə bildirdi ki, 27.10.2020-ci il tarixdən etibarən şöbənin əməkdaşları rayon ərazisində təşkil edilmiş 3 stasionar postda xidmətə cəlb olunublar. Görülən tədbirlərlə ötən müddət ərzində Zəngilana səfər etmiş dövlət yetkililərinin, ayrı-ayrı beynəlxalq təşkilatların, media nümayəndələrinin, rayonun quruculuğuna cəlb edilmiş tikinti şirkətlərində çalışanların təhlükəsizliyi təmin edilmişdir. Mina və partlayıcı vasitələrin törədə biləcəyi ağır nəticələri nəzərə alaraq bura qanunsuz daxilolmaların qarşısı alınmışdır. Şöbə əməkdaşları tərəfindən rayon ərazisində keçirilmiş tədbirlər nəticəsində xeyli miqdarda silah-sursat və yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilmişdir. Bu gün də təhlükəsizlik tədbirləri davam etdirilməkdədir.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər