Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.08.2022

O, bizi Avropada təmsil edəcək

Nəqliyyatda Baş Polis İdarəsinin Əməliyyat-Statistik İnformasiya Bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Rövşən Əhmədovun övladı, Azərbaycan-Fransız Universitetinin məzunu Eyvaz Əhmədzadə magistr təhsilini Avropanın üç universitetində almaq imkanı qazanıb. Hazırda 20 yaşı olan Eyvaz deyir ki, onu qarşıda uzun təhsil dövrü gözləyir: “Dördüncü kursun əvvəllərində bir list hazırladım. Bu listdə oxumaq arzusunda olduğum universitetlər və təqaüd proqramları var idi. Bunlardan biri də Erasmus Mundus Birgə Magistr layihəsi idi”.

Qeyd edək ki, bu layihə Avropa İttifaqı tərəfindən yaradılıb və maliyyələşdirilir. Hər il minlərlə tələbə bu proqrama muraciət edir və onların kiçik bir hissəsi təqaüdlə ən azı iki Avropa universitetində təhsil almaq haqqı qazanır. Həmkarımızın övladı da Yaşıl Şəbəkə və Bulud Hesablama texnologiyaları ixtisasına müraciət edərək təxminən 800 müraciətçi arasından seçilən 24 tələbədən biri olub.

O, növbəti iki il ərzində Fransanın Lotaringiya, Böyük Britaniyada Lids Bekket, İsveçin Lulea Texnologiya Universitetlərində təhsil alacaq. Eyni zamanda, təhsil aldığı müddətdə iki yay məktəbini bitirəcək, bir master dissertasiyası layihəsi hazırlayacaq ki, bunlar da ayrı Avropa ölkələrində olacaq.

Polis övladı ümumilikdə 6 ölkədə təhsil alacaq və üç diploma yiyələnəcək.
Deyir ki, seçdiyi ixtisasa maraq oxuduğu məqalədən sonra yaranıb: “Üçüncü kursun sonlarında bir məqalə oxumuşdum. Bu məqalədə Böyük Britaniyada aparılan bir araşdırmadan bəhs olunurdu. Araşdırmaya görə əgər hər birimiz bir ədəd az elektron poçt göndərsək, ümumilikdə, havaya buraxılan karbon emissiyalarının miqdarı təxminən 16 min tona qədər azalardı. Buna görə də bu ixtisası seçdim ki, daha səmərəli enerji və davamlı infrastrukturları qurmaq üçün çalışım”.
“Polis” qəzeti olaraq həmkarımızın övladına karyerasında uğurla addımlamağı, ölkəmiz üçün, eləcə də qlobal miqyasda faydalı işlərə imza atmağı arzulayırıq.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər