Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.07.2022

Polis köməyə çatmasaydı...

Ciddi fiziki səylər tələb edən peşələrdə təhlükə ilə üzləşmək riski çox yüksəkdir. Polis peşəsini seçənlərin də bunu göz önünə almasının nə demək olduğuna aydınlıq gətirməyə ehtiyac yoxdur. Sadəcə internetdə “xilaskar polis” yazıb axtarış versək mövzu ilə bağlı onlarla faktla rastlaşarıq. Qarşımızdakı şəxsin hansı reaksiya göstərəcəyini və ya onun hansı formada təpkisi ilə qarşılaşacağımızı əvvəlcədən proqnozlaşdırmaq iqtidarında olmasaq da baş verən hadisələrə çevik reaksiyamız an məsələsidir. Və bütün bunlar cəmiyyətin nəzərində polisin xilaskar imicini formalaşdırıb.

Ötən həftə insanların gözü qarşısında baş verən hadisə ictimailəşməsə də şahidi olanların yaddaşında hələ uzun illər qalacaq. Belə ki, epilepsiya xəstəsi olan övladını həkimə müayinəyə aparan Gülnarə Sadıqova avtobusda onu itirmək təhlükəsi ilə üzbəüz qalıb. Uşağının vəziyyətinin pisləşdiyini, dilinin qatlandığını görən ana yaxınlıqdakıları köməyə çağırsa da çoxu buna tərəddüd edib. Köməyə yenə də polis çatıb...

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Nəsir Allahverdiyev uşağa avtobusdaca ilkin tibbi yardım göstərib. Sonra anası ilə onu Yol Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırıb.
Polis serjantı N.Allahverdiyev: “Səhər saatlarında avtobusla xidmətdən çıxıb evə gedirdim. Birdən bir xanımın “balama kömək edin” nidasını eşitdim. İnsanlar çaşıb qalmışdılar. Özümü itirmədən onlara yaxınlaşdım. Uşağın dili qatlanmış, rəngi göyərmişdi. Cəld uşağı yan üstə çevirib dilini çıxartdım. O, asta-asta nəfəs almağa başladı. Xoşbəxtlikdən yaxınlıqda Yol Patrul Xidməti əməkdaşları xidmətdəydi. Vaxt itirmədən körpəni xəstəxanaya çatdırdıq”...

Bildirək ki, xilaskar polisimizlə bağlı məlumatı biz DİN-ə ünvanlanan təşəkkür məktubundan əldə etdik. Həyatını xilas etdiyi uşağın valideyni fikirlərini belə ifadə edirdi: “Övladımın həyatı əmin əllərdə olduqdan sonra onun adını, harada xidmət etdiyini soruşdum. Demək istəmədi, ancaq mən israr etdim. Qürur duydum ki, bizim belə həyat qurtaran oğullarımız var. Yaşasın, Azərbaycan Polisi!”...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər