Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.05.2022

Ataları qəhrəman, özləri əmanətdir

Dövlət Turizm Agentliyinin dəstəyi, Müdafiə Nazirliyinin və "Fire Land Production"ın təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarmızın ailələrinə həsr edilən “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib. Layihə bu dəfə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil olunub.

Tədbirin açılışı havaya sülh rəmzi olan göyərçinlərin buraxılması ilə başlayıb. Daha sonra nəhəng Azərbaycan və Türk bayraqları açılaraq şəhid yaxınları və qonaqlarla bərabər dalğalandırılıb. Lalə Azərtaşın aparıcılıq etdiyi tədbirin qonaqları arasında Vətən müharibəsi zamanı reportajlarını xüsusi həssaslıqla təqdim edərək xalqımızın rəğbətini qazanmış Fulya Öztürk də olub.

Tədbirdə Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri işi üzrə Zümrüd Səmədzadə, Mədəni kütləvi şöbənin rəis müavini, polkovnik-leytenant Namiq Cavadov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İkiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu Eduard Məmmədov və xalq rəssamı Əşrəf Heybətov çıxış edib, fikirlərini bölüşüblər.

Qeyd edilib ki, Vətən müharibəsində ölümün gözünə dik baxıb, şəhidlik zirvəsinə ucalan oğullarımız işğaldan azad olunmuş torpaqlarımızı qanları ilə müqəddəsləşdiriblər. Aralarında daxili işlər orqanlarının əməkdaşlarının da olduğu şəhidlərin övladları isə bizə əmanət qalıb. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin qayığısı ilə əhatə olunan şəhid ailələrinin hamımız üçün əziz, doğma olduğu və xalqımızın hər zaman bu ailələrə dərin ehtiram göstərəcəyi vurğulanıb.
Daha sonra tədbir populyar və sevilən incəsənət nümayəndələrinin, yaradıcı kollektivlərin konsert proqramı ilə davam edib, “Zəfər marşı”yla başa çatıb.

R.Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər