Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.05.2022

Roman kimi məktub

Xalqımzın milli mənliyinin qorunmasında Azərbaycan Polisinin tarixi rolu barədə, bəlkə də, çoxunun məlumatı yoxdur. Sovet imperiyası dönəmində belə milis milli mahiyyətini qoruyub saxlaya, cinayətkar qəsdlərə sipər olduğu kimi, millətimizin dərdlərinə də məlhəm ola bilmişdi. Ötənlərə boylananda tariximizdə, hətta ədəbiyyatımızda bunun izləri aşkar görünür. Polisin bu şanlı keçmişi ayrı-ayrı fərdlərin sayəsində yazılıb, yaşanıb və bu gün varislərin timsalında davam edir bu epopeya.

Necə deyərlər, köklər budaqlara həyat verib, budaqlar da köklərə borclu qalmır.
Bugünlərdə redaksiyamıza Füzuli rayonunun Kürdmahmudlu kənd sakini Akif Qayıbovun adından daxil olan məktub bizə həm o keçmişdən soraq verdi, həm də damarlarında millətinə, dövlətinə sədaqətlə bağlı olan ataların, qardaşların qanını daşıyanların bu gün də sıralarımızda olduğunu yada salıb, qürurlandırdı.
O, yazır ki, atası xalq qəhrəmanı Rəşid Qayıbov 1917-ci illərdə öz dəstəsi ilə ermənilərə qarşı döyüşüb, Dərələyəz, Qarakilsə, Sisyan və Qarabağ mahalında elimizi-obamızı mənfur düşməndən qoruyub. Elə buna görə sovetlər dönəmindən atası millətçilikdə günahlandırılıb, təqib olunub. Lakin ulu öndər Heydər Əliyev Füzuli rayonunda zəhmətkeşlərlə görüşü zamanı onu qəbul edərək dinləyib və bundan sonra bütün təqiblərin qarşısı alınıb.

Bu həmin Rəşid Qayıbovdur ki, görkəmli yazıçı İlyas Əfəndiyev onun haqqında “Üçatılan” romanını yazıb. O, romanın qəhrəmanı, adı Ərşad kimi qeyd olunan obrazın prototipidir. Ərşad, yəni Rəşid bir gün eşidir ki, erməni quldurları Zəngəzur və Qarabağda azərbaycanlı ailələrə zülm edir, qadınların belinə qaynar samovar bağlayır, körpə uşaqları tonqalda yandırırlar. Buna dözməyib əmisi, qaçaq Kərbəlayi Əsəddən yadigar qalmış üçatılanı götürərək öz dəstəsi ilə ermənilərə qarşı mübarizə aparmağa başlayır, qisas alır və bundan sonra ermənilər müsəlman obalarına hücum etməkdən çəkinirlər.
Məktub müəllifinin qardaşı Köçəri Qayıbov isə milis orqanlarında xidmət edib. Hansı ki, biz həmçinin onun timsalında milisin içində milli duyğularla çulğalanmış əməkdaşların olduğunu deyə bilirik.

Məsələ ondadır ki, 1987-ci ildə ermənilər Laçın rayonunda bir azərbaycanlı ailəni avtomobil qarışıq uçurumdan atırlar. Həmin vaxt hadisə yerinə ilk çatmış Laçın rayonunda xidmət edən Köçəri Qayıbov cinayəti törətmiş ermənilərin tutulmasını və qanun qarşısında cavab vermələrini təmin edir. Ancaq bu hadisədən az sonra milis əməkdaşı şübhəli avtomobil qəzasında dünyasını dəyişir.

Bu, adi talesizlik idimi, yoxsa Qara Rəşiddən alınan qisasmı, bilinmir. Lakin taleyin təsəlliedici cəhəti də var; erməni faşizminə qarşı dirənən ailənin gənc davamçıları bu gün də daxili işlər orqanlarında xidmət edir. Polis mayoru Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi, digər qardaşı, polis polkovnik-leytenantı Elşən Qayıbov isə Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisidir.
Dedik axı, nə köklər budaqlara, nə də budaqlar köklərə borclu qalmır.

R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər