Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.04.2022

Nəticə müsbət, hədəflər məlumdur

Ötən həftə DİN-in Kollegiya iclasında müzakirə edilən və ictimaiyyətə də açıqlanan məsələlər bizə cinayətkarlıqla mübarizənin ümumi vəziyyətini bir daha, həm də dəqiq nəzərdən keçirməyə imkan verir.
Çünki adəti üzrə bu cür iclaslardan sonra cinayətkarlıqla mübarizənin statistik göstəriciləri paylaşılır və analiz etmək üçün əlimizdə konkret rəqəmlər olur. İqtisadi leksikonla desək, rəqəmlər isə heç zaman yalan danışmadığına görə obyektiv qənaət hasil edə bilirik.

İlk olaraq onu qeyd etməliyik ki, mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqinin müzakirəyə çıxarılması bu sahələrə DİN rəhbərliyi tərəfindən nə qədər əhəmiyyət verildiyini gözlər önünə sərir. Elə iclası giriş sözü ilə açarkən nazir, general-polkovnik Vilayət Eyvazovun gündəlikdəki məsələlərin vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu dilə gətirməsi, həmin istiqamətlərdə tədbirlərin müasir dövrün tələbləri nəzərə alınmaqla gücləndirilməsinin vacibliyini vurğulaması bunu təsdiq edirdi.

İclasın gündəliyi hər nə qədər bir başlıq altında olsa da, zənnimizcə, ayrı-ayrılıqda təhlilə ehtiyac duyur. Əvvəla onu deyə bilərik ki, xüsusi peşəkarlıq tələb edən mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması işinin məqsədyönlü təşkili Nazirlik tərəfindən ciddi nəzarətdə saxlanılır. Deməli, bunu gündəlik xidməti fəaliyyətdə nəzərə alınmalı olan əsas məsələlərdən biri kimi də qəbul edə bilərik.

İkincisi, mənzil və obyektlərdə mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi öz aktuallığını qoruyub saxlayır. Hətta, bu qabaqlayıcı texnoloji yenilik zaman keçdikcə öz əhəmiyyətini daha da artırır. Hansı ki, məhz bu müasir sistem sayəsində mülkiyyət əleyhinə törədilən cinayətlərin qarşısını maksimum almaq mümkündür. Vətəndaşın, sahibkarın mühafizə işini müasir maddi-texniki təminata malik peşəkar polis qurumuna həvalə etməsi onun əmlakının etibarlı qorunması ilə yanaşı, cinayətkarlığa qarşı mübarizəyə töhfə baxımından önəm daşıyır. Bir sözlə, mühafizəyə cəb edilən yerdə cinayət hadisəsinin baş verməməsi həm vətəndaşın, həm də polisin marağına xidmət edir və iclasda bunun müzakirə edilməsi mülkiyyət hüquqlarının qorunması işində qarşıya yeni hədəflər qoyur.

Statistikaya gəlincə, cari ilin birinci rübündə qeydə alınmış 8.622 cinayətin 86 faizinin açılması cənab nazirin də müsbət qiymətləndirdiyi əməliyyat-xidməti fəaliyyətin nəticələrinin həmişəki kimi qənaətbəxş olmasının və polisin kriminal vəziyyəti nəzarət altında saxlamaqla, vətəndaşların qanuni mənafelərinin etibarlı təminatçısı adını doğrultmasının bir təzahürü sayıla bilər.

Eləcə də, bu dövr ərzində qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxaran asayiş keşikçiləri sağlam cəmiyyət naminə narkomaniya ilə mübarizədə geniş maarifləndirmə işi aparmaqla bərabər, əməliyyat-axtarış tədbirlərilə qanunun sərt gücündən qətiyyətlə istifadə etdiklərini ortaya qoyublar. Hər qramı bir həyatı məhv etməyə kifayət edən narkotik maddələrin bu həcmdə dövriyyədən çıxarılması ilə minlərlə insanın, bir o qədər də ailənin hansı əzablardan xilas edildiyini vurğulamağa lüzum qalmır. Çünki onsuz da ortada narkomaniyadan əziyyət çəkənlərin dramatik həyatları var.

Növbəti hesabat dövrü üçün bu Kollegiyadan irəli gələn qərar və göstərişlərin yerinə yetirilməsi öz yerində, eyni zamanda, cənab nazir xidməti fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarını verib və hər bir polis əməkdaşı ximdətində bunu nəzərə almalıdır. Bunların birini xüsusilə vurğulamaq istərdik; vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılması tələb olunur.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər