Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.04.2022

Əmlakınız peşəkarlara əmanətdir

Əsasən mülkiyyət əleyhinə yönələn cinayətlərin qarşısının alınmasında DİN Baş Mühafizə İdarəsi və onun struktur qurumlarının müstəsna rolu bu qurum təsis ediləndən bəri özünü çox inamlı şəkildə nümayiş etdirib. Düşünsək ki, ölkəmizin heç olmasa iri şəhərlərindəki bütün mənzil və obyektlər bu İdarənin təmin etdiyi təhlükəsizlik çətrinin altına yığılıb, o halda ölkə ərazisində belə oğurluqlardan zərərçəkən yox deyəcək qədər az olardı. Hələlik bu nəticə qeyri-real görünsə də, tendensiya nikbin olmağımıza əsas verir.
DİN-in son Kollegiyasında mənzil və obyektlərin mühafizə məntəqələrinə qoşulmada nəzərəçarpan fəaliyyətlərilə seçildiyi qeyd edilən Nəsimi və Xətai Rayon Mühafizə idarələrinin timsalında bu sahədəki müsbət meyilləri nəzərdən keçirməyə çalışmışıq.

Nəsimi rayonu ərazisində hazırda 1339 obyektin qorunduğunu deyən RMİ-nin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli qəzetimizə bildirdi ki, onların 495-i mənzildir. Mühafizəyə qoşulma göstəriciləri də getdikcə yüksəlir. O, qorunmayan obyekt və mənzillərin mühafizəyə cəlb olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması məqsədilə Nəsimi RPİ-nin əməkdaşları ilə birgə geniş maarifləndirmə işlərini davam etdirdiklərini vurğuladı.
Söhbət əsnasında belə qənaətə gəldik ki, RMİ-nin rəisi, polis polkovnik-leytenantı Məmməd Məmmədovun rəhbərliyi ilə obyektlərin mühafizəyə cəlb edilməsində rentabellik təmin edilib. Elə bunun nəticəsidir ki, mənzil və obyekt sahiblərilə bağlanmış müqavilələr əsasında gəlirlər artıb, bununla da dövlət qurumlarına ödənişlərin, eyni zamanda, əməkdaşların bu yaxınlarda müəyyən edilmiş artımla birlikdə əməkhaqları, digər müavinətləri tam ödənilib. Bundan əlavə, idarənin inzibati binasında ciddi təmir-bərpa işləri aparılıb, maddi-texniki baza gücləndirilib. Şəxsi heyəti isə peşəkar, fiziki hazırlığı yüksək səviyyədə olan əməkdaşlar təşkil edir.

Xidmətin nümunəvi təşkili, aydın məsələdir ki, nəticəyə təsirsiz ötüşmür. Cari ilin birinci rübündə mühafizə olunan 7 obyektdə oğurluq cəhdinin qarşısını alan idarənin tutucu qrupları, bu hadisələr zamanı 2, digər cinayət hadisəsi üzrə də daha 2 nəfəri saxlayaraq ərazi polis bölmələrinə təhvil veriblər. Bundan başqa, rayon ərazisində ictimai qaydanı pozan 8 nəfər saxlanılıb.

Xətai rayonunda da vətəndaşlarla aparılan profilaktik söhbətlər, maarifləndirici tədbirlər sayəsində mühafizəyə qoşulma sayında artım müşahidə olunur. Xətai RMİ-nin rəis müavini, polis polkovnik-leytenantı İlham Rzayevin sözlərinə görə, bugünə qədər 1030 obyekt mühafizə altına alınıb. Onların 513-ü mənzildir. İdarənin əməkdaşları cari rübdə 2 oğurluq cəhdinin qarşısını alıb, ictimai qaydanı pozan 4, üzərində narkotik vasitə aşkar olunan 1 nəfəri saxlayaraq aidiyyəti üzrə təhvil veriblər.

Onun sözlərinə görə, idarə rəisi, polis polkovniki Nazim Həsənov bu məsələni xüsusilə nəzarətdə saxlayır, vətəndaşlar məlumatlandırılır və bununla da mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin qarşısının alınmasına töhfə verməyə çalışırlar. “Həm obyekt, həm də mənzil sahibləri tutucu qrupun avtomobilləri ərazidə hərəkət edəndə belə yaxınlaşıb məlumat alır və bu xidmətin üstün cəhətlərini görüb müqavilə bağlayanlar olur. Burada polisin artan nüfuzu da rol oynayır, təbii ki. Vətəndaşlar polisə inanır, etibarlı keşikçi olduğumuza əmindirlər”,-deyə rəis müavini qeyd edir. Xətai rayonunda yeni tikilən binaların sayının artması, yeni daşınmaz əmlak alanların çoxalması mühafizə-siqnalizasiya sisteminə qoşulanların sayında bundan sonra da artım olacağına inam yaradır.

Hər iki rayon ərazisində mühafizə edilən bir neçə mənzil, dükan və marketə baş çəkib, sahiblərilə də söhbətləşdik. Ümumi fikir bundan ibarətdir ki, polis etibarlı qorunmaya zəmanət verdiyinə görə obyektlərini mühafizə-siqnalizasiya sisteminə qoşublar. Mənzil sahibi Ceyhun Quliyevin sözləri isə xüsusilə diqqət çəkən oldu. Deyir, sözün düzü, psixoloji baxımından insan özünü rahat hiss edir ki, evini polis qoruyur. Bunun profilaktiki əhəmiyyəti də var. Məsələn, məhəlləyə polis avtomobili yaxınlaşır, ərazidə gəzirlər. Bu da istər-istəməz kriminala meyili olanları oradan uzaqlaşdırır. Beləcə, ay ərzində ödənilən müvafiq ödənişlə, dəyəri külli miqdarda ölçülən əmlakın mühafizəsini təmin edirlər.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər