Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.04.2022

Polisin tibbi hazırlığı vacibdir

Hər bir bədbəxt hadisə, qəza və ya ağır cinayət faktında kiminsə həyatını xilas etmək missiyası ilk növbədə polisin üzərinə düşür. Çünki biz həm də, bir qayda olaraq, hadisə yerinə ilk çatanlardan oluruq.

Bugünlərdə Bakıda gecə klubunda baş vermiş partlayışda xəsarət alanlara yardım edilməsində fəallıq göstərən Səbail RPİ Post- Patrul Xidmətinin əməkdaşları hər bir asayiş keşikçisi üçün tibbi bacarığın, yəni xilas etməyin nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Onu da yada salaq ki, sosial şəbəkələrdə əməkdaşlarımızın səhhətində problem yarananlara, yol nəqliyyat hadisələrində ağır xəsarət alanlara, ümumiyyətlə tibbi yardıma ehtiyacı olanlara ilk müdaxiləsini əks etdirən kifayət qədər görüntülər var. Elə son hadisədə də polislərin yaralılara necə kömək etdikləri açıq-aşkar görünür, bu isə sonda bizə vətəndaşların minnətdarlıq hissi olaraq geri dönür.

Digər tərəfdən, hətta, odlu silahdan istifadə etmək zərurəti yarandığı hallarda da şübhəlini həyatda saxlamaq polisin ilk görəvi sayılır. Ən qatı cinayətkarı belə əvvəlcə xilas etməliyik ki, sonra qanuna təslim edə bilək. Bunu üçün təbii ki, əməkdaşın həkiməqədər tibbi yardım göstərmə səriştəsi olmalıdır.

Bəs, bizim daxili işlər orqanları əməkdaşlarına sözün gerçək mənasında həyati əhəmiyyət daşıyan bu bacarığın öyrədilməsi necə təşkil edilir?
“Polis”in sualını cavablandıran DİN Baş Kadrlar İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz İsaxanov deyir ki, əməkdaşlara "İlkin tibbi yardım" etmə bacarığının öyrədilməsi xidməti və döyüş hazırlığı dərsləri çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, Baş Kadrlar İdarəsi tərəfindən daxili işlər orqanları əməkdaşlarının “Döyüş hazırlığı”nın Təlim proqramı hazırlanıb ki, orada digər sahələrlə yanaşı, həkiməqədər yardımın əhəmiyyətindən tutmuş, insan anatomiyası, travmalar, yara infeksiyası, sarğıların qoyulması, sınıqlar, çıxıqlar, qanaxmalar, reanimasiya tədbirləri, zəhərlənmə və digər ciddi xəstəliklər zamanı ilk tibbi yardımın göstərilməsi kimi mövzuların öyrədilməsi nəzərdə tutulub.

“DİN-in Tibb İdarəsi tərəfindən metodiki köməklik məqsədi ilə vəsait də hazırlanaraq polis orqanlarına göndərilib. Bundan başqa, cənab nazirin təsdiq etdiyi və peşə hazırlığını tənzimləyən müvafiq qərarda dərslərə mütəxəssislərin dəvət olunması nəzərdə tutulub. Sadə mövzuları qrup rəhbərləri özləri keçir, zəruri hallarda isə dərslərə tibb müəssisələrindən həkimlər dəvət edilir”, - deyən şöbə rəisi qeyd edib ki, tədris ilinin sonunda polis əməkdaşlarının döyüş hazırlıqları qiymətləndirilərkən onların tibbi dərsləri nə dərəcədə mənimsədikləri də yoxlanılır.
Daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə yeni qəbul olmuş əməkdaşlara peşənin sirlərinin öyrədilməsində əsas rolu üzərinə götürən Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə də tibbi dərslərə yer ayrılır.

Məktəbin Tibb Məntəqəsinin rəisi, polis kapitanı Emin Mehdiyev dinləyicilərə ilkin tibbi hazırlığın, əsasən, nəzəri olaraq keçirildiyini, eyni zamanda dinləyicilərin 3 aylıq tədris dönəmində DİN Hospitalının peşəkar həkimlərinin dərslərdə məruzə ilə çıxışlar etdiklərini bildirib: “Əsasən cərrahlar, travmatoloqlar, reanimatoloqlar tədris prosesinə cəlb edilir və praktiki mərhələni onlar keçirlər. Eləcə də ilkin hazırlıq kursu keçən dinləyicilər asudə vaxtlarda məktəbin zəngin kitabxanasındakı tibbi hazırlıqla bağlı ədəbiyyatlardan yararlanırlar”.

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər