Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.04.2022

Uğurlar hələ qarşıdadır...

Bu gün sıralarımızda yüksək fiziki hazırlığa malik əməkdaşlarımızın arasında Olimpiya, dünya, Avropa, eləcə də müxtəlif mötəbər beynəlxalq idman turnirlərinin mükafatçıları var. Onlardan biri də Abşeron Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Ruslan Cəfərzadədir.

Yeri gəlmişkən, qeyd edək ki, o, bu yaxınlarda DİN İdman Cəmiyyətində daxili işlər orqanları əməkdaşları arasında keçirilən silahsız özünümüdafiə çempionatında iştirak etdiyi çəki dərəcəsində II yeri tutub.
R.Cəfərzadə 20 yanvar 1998-ci ildə Xaçmaz rayonunda doğulub. Uşaq yaşlarından idmanın karate növü ilə məşğul olan həmkarımız 7 yaşında ilk uğuruna imza atıb. O, həmyaşıdları arasında respublika 2-cisi olub. Sonra peşəkar idman karyerasında nailiyyətləri biri-birini əvəzləyib. Belə ki, o, 16-17 yaşlılar arasında Gürcüstanda dünya, Ukraynada keçirilən Avropa çempionatında III yerə sahiblənib. Bundan başqa, bir çox beynəlxalq turnirlərin də qalibi olub.

Daxili işlər orqanlarında xidmətə 2021-ci ilin mart ayından başlayan həmkarımız yerli və beynəlxalq yarışlara hazırlıq zamanı təlim-məşqləri üçün yaradılan şəraiti, göstərilən diqqət və qayğını DİN rəhbərliyinin idmançı əməkdaşlara olan rəğbətinin bariz nümunəsi kimi dəyərləndirir.
Həmsöhbətim ona göstərilən etimadı doğrultmaq, yeni-yeni uğurlar qazanmaq, habelə fiziki hazırlığını tələb olunan səviyyədə saxlamaq, özünümüdafiə bacarıqlarını daha da yüksəltmək məqsədilə asudə vaxtlarında daima öz üzərində işlədiyini bildirdi.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər