Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.03.2022

Polisə sığınan gələcək...

Uşaqlar məsumluğu, paklığı ifadə etdiklərinə görə onlara adekvat münasibət də eyni məzmun kəsb edir. Çətin vəziyyətdə olan uşaqlara qayğı göstərən, onları himayə edən polis əməkdaşları həm də o məsumiyyətin keşiyini çəkir, onların saf dünyalarının sərhədlərini qorumağa çalışırlar. Bu, eyni zamanda, uşaqların yaratdığı böyük dəyərlərə inamın təcəssümüdür.
Bu sətirləri baxımsız vəziyyətdə yaşayan 15 yaşlı qız uşağının polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsindən aldığımız məlumatın təsiri altında yazırıq. Anası intihar etmiş Kristina adlı yeniyetməni yaxın qohumları taleyin ümidinə, həyatın insafına buraxmaqla, əslində, onun dünyasının qapılarını istənilən təhlükəyə taybatay açıblar...

Suraxanı RPİ 31-ci Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev qəzetimizə bildirib ki, yeniyetmənin hüquqlarının qorunması və düşdüyü çətin həyat şəratindən çıxarmaq üçün məsələni nəzarətə götürüblər. Bu istiqamətdə tədbirlərə başlayan bölmənin əməkdaşları Kristinanı İcra Hakimiyyətinin nümayəndələrilə birlikdə “Təmiz Dünya” İctimai Birliyinin nəzdindəki sığınacağa təhvil verməklə sosial təminatını və təhlükəsizliyini təmin ediblər.

“Bölmənin inzibati ərazisində yaşayan belə uşaqların, yeniyetmələrin aşkar edilməsini daim diqqətdə saxlayırıq. Mütəmadi olaraq məktəblərdə keçirdiyimiz görüşlər əsnasında dərsə davamiyyəti zəif olan şagirdləri müəyyən edib profilaktik tədbirlər görürük. Bu yaxınlarda 7-ci sinif şagirdinin dərsdən yayındığı, hətta intihara cəhd etdiyini öyərəndik. Apardığımız söhbətlərin nəticəsi olaraq ona ailə daxilində edilən zorakılıq faktını aşkara çıxardıq. Hazırda faktla bağlı araşdırmalar aparılır”,- deyən bölmə rəisinin sözlərinə görə, orta məktəblərdə antinarkotik təbliğatının keçirilməsi də bu qəbildən olan profilaktik işin əsasını təşkil edir. Fevral ayında artıq iki - 275 və 226 nömrəli məktəblərdə bölmənin əməkdaşları maarifləndirici görüş keçiriblər: “Məqsədimiz və hədəfimiz dəyişməyib – uşaqları qorumaqla parlaq gələcəyimizi qurmağa çalışırıq”.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər