Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.02.2022

Polis, məktəb və müəllim…

Polis həm də müəllimdir, çünki o da öyrədir. Ötən illər ərzində şahidi olduğum hadisələri ümumiləşdirdikdən sonra bu qənaətə gəldim. Dərs dediyim məktəbdə zərərli vərdişlərlə, xüsusən də narkomaniya ilə bağlı keçirilən maarifləndirici tədbirlərdən sonra şagirdlərin dərsə, müəllimə, biri-birinə münasibətində, davamiyyətində müsbət dəyişikliklər, sözün əsl mənasında, işimizi asanlaşdırıb.
Düzdür, sosial şəbəkələrdə məktəb və müəllim adına kölgə salan bəzi paylaşımları da görməzlikdən gəlmək olmaz. Deməli, nəticəni qaçılmaz edən səbəblərlə vaxtında mübarizə aparmaq, yerində tədbir görmək lazım idi.

Polis, məktəb, müəllim həmrəyliyi valideynlərin də maariflənməsində mühüm rol oynayır. Məsələn, tədbirlərə valideynlərin də dəvət edilməsi qarşıya çıxan problemlərin həllinə kömək edir. Belə ki, müzakirə edilən məsələlərə onların yanaşma sərgiləməsi valideyn-övlad münasibətlərinin polis tərəfindən öyrənilməsini asanlaşdırır. Yəni ailədə uşağın zorakılıqla üzləşməsi və bu kimi digər məsələlər ünsiyyət zamanı ortaya çıxır.

Polisin şagirdlərə, xüsusən azyaşlılara psixoloji yanaşması da diqqətçəkəndir. Cəmiyyət tərəfindən sərt təpki ilə qarşılanmayan hər hansı bir əməl, belə deyək, məktəbdə “böyük hadisə”dir. Əlbəttə, uşaqdır deyib, keçmək olmaz. Lakin sərt cəza tədbirləri də onların psixoloji durumunu zədələyə bilər.
Bu işdə də polis fərqli yanaşma sərgiləyir. Və burda bir məqamı unutmaq olmaz: Ərazi polis orqanlarında yetkinlik yaşına çatmayanlar və azyaşlılar üzrə inspektorların xanım əməkdaşlardan təyin olunması yerində və düşünülmüş addımdır.

Sağlam cəmiyyətə sahib olmaq üçün gücümüzü, səmimiyyətimizi, eləcə də təpkimizi birləşdirməliyik. Gələcəyimizin, dövlətimizin sütunlarının bünövrəsinin məktəbdə qoyulduğunu unutmayaq. Həm də unutmayaq ki, 44 günlük Vətən savaşında 2,3,4,5 yazdığımız, nadincliyinə göz yumduğumuz, polisin, həkimin, müəllimin, bir sözlə, gələcəyimizi qoruyanların sayəsində zərərli vərdişlərdən uzaq olan şagirdlərimiz-gəncliyimiz bizə Qələbə qazandırdı.
Elnarə Nəbiyeva,
178 nömrəli orta məktəbin Azərbaycan
dili və ədəbiyyatı müəllimi

Geriyə Çap et


Faydalı keçidlər
Linklər