Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.01.2022

Azadlıq qurbanları yad olundu

20 Yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan idarə rəisinin müavini, polis polkovniki Elşən Əhmədov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun adından şəhid ailələrini salamlayaraq bildirib ki, Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsi qurbanları Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi olaraq həkk olunub.
Qeyd olunub ki, həmin müdhiş gecədə öz xidməti borcunu layiqincə yerinə yetirərək əsl qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan həmkarlarımızın ömür yolu bu gün sıralarımızda olan, xidmətə yeni başlayan gənclərə örnəkdir. Bir qərinəyə yaxın zaman keçməsinə baxmayaraq onların xatirəsi əziz tutulur, adları anılır, ruhuna dualar oxunur.
Polis polkovniki E.Əhmədov diqqətə çatdırıb ki, milli azadlığın və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin güllə-boran edilməsi sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Lakin xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları o gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Xalq həmin günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi, acısını-ağrısını yaşadı. O müdhiş günlərdə ulu öndər Heydər Əliyevin Azərbaycandan uzaqda olması düşmənin əl-qolunu əməlli-başlı açmışdı. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə O qüdrətli insan oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünü və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, yanvarın 21-də daimi nümayəndəliyimizə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət oldu.
Sonra şəhid ailələri adından çıxış edən Marina Boqdanova 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardım göstərildiyini vurğulayıb.
Daha sonra şəhid ailələrinə DİN rəhbərliyi adından maddi yardım təqdim olunub və onlarla xatirə şəkli çəkilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər