Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.01.2022

Seçimimiz sağlam həyatdır

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 nömrəli tam orta məktəbdə “Sağlam gələcək naminə narkotiklərə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin cəmiyyətə və insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən videoçarxı izləyiblər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edən RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev ölkəmizin gələcəyinin məhz sağlam, savadlı gənclikdən asılı olduğunu bildirib.

Qeyd olunub ki, hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir.
Sonra Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

Narkomaniyanın fəsadlarından bəhs edən növbəti maarifləndirmə tədbiri Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 7 saylı tam orta məktəbində keçirilib.
RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev narkotik vasitələrin insan sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib, narkomaniyaya qurşananların bu bəladan uzaqlaşmaqda çətinlik çəkdiyini diqqətə çatdırıb.
O, şagirdlərə xalqımıza, dövlətimizə faydalı vətəndaş kimi yetişmələri üçün mükəmməl təhsilə yiyələnmələrinin vacibliyini vurğulayıb.
Diskussiya şəraitində davam etdirilən tədbirdə mövzu ilə bağlı şagirdlərin ünvanladığı suallar cavablandırılıb.

Aslan Qiyaslı,
Məhəmməd Rzayev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər