Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.01.2022

Vətənin, vətəndaşın keşiyində

Nəhayət, Qarabağın adı builki diləklərimizdə intizarın, iztirabın, həsrətin, işğalın və bir az da, üfüqdə güclə sezilən ümidin rəmzi kimi zikr edilmədi. Artıq ikinci Yeni il idi ki, “o gün olsun bayramı Şuşada keçirək” arzusu yel qanadlarını çırpıb havalanmadı, uçub əsarətdəki dumanlı dağlarda gözdən itəsi olmadı. Çünki 30 il xəyallarımızın pərvazlandığı o yurd-yuvamızın gerçək sahibləri artıq geri dönüb, indi oralarda biz varıq; ordusu ilə, polisilə Azərbaycan dövləti var!

Hər bir şuşalı, cəbrayıllı, kəlbəcərli, laçınlı... da öz ev-eşiyinə dönəcək, uşaqlıq, gənclik xatirələrinin səpələndiyi o dağlara, yaylaqlara qovuşacaqlar, əlbəttə. Bax, bunun üçün Azərbaycan polisi ötən bayram günləri də, infrastrukturu tam xidməti şərait üçün münasib olmayan, hələ yenicə daşı-daş üstə qoyulan postlarda, polis şöbələrində xidmətini davam etdirdi, soyuq dağ havasını ana Vətənin isti hənirtisi kimi ciyərinə çəkdi. O polis postlarındakı əməkdaşlarımız bu gün dövlətin suveren hüquqlarını, qanunlarımızı təmsil etməklə, həm də Qarabağın əmin-aman, təhlükəsiz gələcəyini inşa edir, dünyanın gözü qarşısında yerlə yeksan edilən hüququ, ədaləti addım-addım bərqərar edirlər.

Bayram axşamı istər Qarabağdakı postlarda, istərsə də ölkənin digər bölgələrindəki idarə və şöbələrdə xidməti otaqlarda sönməyən işıqlar, bir növ, polisin çətin xidmətinə işıq saldı. Bayramı ailələri, doğmaları, əzizləri ilə keçirən vətəndaşların evdəki məsud anlarının keşiyini bayırda polis çəkir, onları gecənin şərindən qoruyurdu. Süfrə başına yığışıb sevincini, arzularını bölüşən ailələri, əslində, böyük tablonun – sabitliyin kiçik fraqmentləri kimi də təsəvvür edə bilərik. İctimai asayişi, sabitliyi qoruyan polis öz xidməti ilə evlərdəki bayram axşamını şəkilləndirdi, onların sabaha, gələcəyə yelkən açan arzularına qol-qanad verdi.

Bəlkə bu ifadələr çox obrazlı səslənir, ancaq rəqəmlər də eyni şeyi deyir. Yeni ilin ilk günündə daxili işlər orqanları tərəfindən 27 cinayətin üstünün “isti izlər”lə açılması, cinayət törətməkdə şübhəli bilinən 27 nəfərin saxlanılması bayramlarda belə polisin xidməti otaqlarında sönməyən işıqların səbəbini, amalını izah edir, nəticəsini ortaya qoyur. Eləcə də axtarışda olduğuna görə 17 nəfərin saxlanılaraq aidiyyəti üzrə təhvil verilməsi, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 faktın müəyyən edilməsi ayıq-sayıq, gecəli-gündüzlü gərgin əməyin rəqəmlərlə ifadə olunan təzahürüdür.
Bayram günləri Bakının küçələrində xeyli qələbəlik oldu. Paytaxt sakinlərinin bayramı həmişəki kimi xoş ab-havada qeyd etmələri üçün ictimai asayişin qorunması və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi də polisin çiyinlərindəydi. Bugünlərdə ciddi insidentin yaşanmaması sabitliyin etibarlı qorunduğunu növbəti dəfə təsdiq etdi.

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər