Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.12.2021

Komandirin uğuru Yüksək hazırlığın və məsuliyyətin nəticəsi qələbə olur

Moskvada dekabrın 16-da start götürən və 19-dək davam edən Pauerliftinq üzrə VII Dünya çempionatında 31 ölkəni, 5700 idmançı təmsil edib.
Turnirdə güc ikinövçülüyü, uzanaraq tədricən qaldırma, armlifting, streetlifting, biçepsə yük qaldırma və deadlifting (dartma) üzrə idmançılar güclərini sınayıblar.

Azərbaycan Pauerliftinq İdman Federasiyasının yığma komandası da çempionatda iştirak edib.
Prezident mükafatçısı, “Strongmen” Federasiyasının vitse-prezidenti, Rusiya Federasiyasının idman ustası, Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının komandiri, polis polkovniki Raif Süleymanov millimizin heyətində qələbə uğrunda mübarizə aparıb.
Vaxtilə xidmətdə qolundan aldığı ağır xəsarətə baxmayaraq, R.Sülemanov 90 kiloqram çəki dərəcəsində deadlifting üzrə bütün rəqiblərinə möhkəm həyəcan yaşadıb. Hətta, Rusiya millisinin üzvü, rekordsmen Vladimir Jabin həmkarımız qarşısında aciz qalıb. Beləliklə, R.Sülemanov 290 kiloqram ştanqı yerdən qurşağa qaldırmaqla bu yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq növbəti dəfə dünya çempionu olub.

Redaksiyadan: Sun Tzu “Müharibə sənəti” traktatında yazırdı: “Ordunun komandiri elə cəsarət nümunəsi göstərməlidir ki, tabeçiliyindəki əsgər də onu təkrarlamağa çalışsın”.
DYPİ YPX Alayının komandiri R.Süleymanov 2001-ci ildə Keyptaunda (Afrika), 2011-ci ildə isə Florida ştatında dünya çempionu adını qazanıb. O, həm idmançı, həm də polis əməkdaşı kimi uğur əldə etmək üçün əzmlə çalışır. İnanırıq ki, dahi strateqin dediyi kimi, tabeçiliyindəki gənc həmkarlarımız da öz komandirlərinin uğurunu davam etdirib, inamı və etimadı doğruldacaqlar.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər