Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.12.2021

Sağlam əməkdaş, etibarlı mühafizə

Polis əməkdaşlarının sağlamlığı müəyyən mənada ictimai mahiyyət də kəsb edir. Çünki asayişin etibarlı təmin olunması, əmin-amanlıq, vətəndaşın can güvənliyi digər hüquq mühafizə orqanları ilə yanaşı, polisə də həvalə olunur. Qısa və obrazlı desək, əgər qanun keşikçisi xəstələnərsə, ictimai asayiş də sağlam ola bilməz.


Buna görə də Daxili İşlər Nazirliyinin rəhbərliyi əməkdaşların, onların ailə üzvlərinin, təqaüdçülərin sağlamlığının qorunub saxlanılması, tibbi təminatın yaxşılaşdırılması, təkmilləşdirilməsinə daim diqqət və qayğı göstərir. DİN-in Tibb İdarəsində və onun struktur qurumu olan poliklinikalarda öz xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirə bilən, peşəkar həkim heyəti formalaşıb. Burada polis əməkdaşları tam və hərtərəfli müayinə olur, çoxprofilli tibbi yardım alırlar.

Baş Mühafizə İdarəsinin Xəzər Rayon Mühafizə İdarəsinin şəxsi heyəti də əmək qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədi ilə hər il mütəşəkkil qaydada profilaktik tibbi müayinədən keçirlər. Hazırkı pandemiya dövründə epidemioloji vəziyyəti nəzərə alaraq bütün əməkdaşlar peyvənd olunub, hətta təlimata uyğun olaraq üçüncü - buster dozanın vurulmasına başlanılıb.
İdarənin rəisi, polis polkovniki Sabit Əliyev “Polis”ə bildirib ki, onların şəxsi heyəti bu il noyabr-may aylarında dispanser müayinəsindən keçiblər və bu zaman 1 saylı poliklinikanın rəhbərliyi başda olmaqla, bütün tibbi heyət öz xidməti vəzifələrini layiqincə yerinə yetirib. Xüsusən mühafizə idarəsinə ərazi üzrə təhkim olunmuş poliklinikanın həkim-terapevti, tibb xidməti baş leytenantı Elza Nəsibova əməkdaşlara yüksək peşəkarlıqla tibbi xidmət göstərir.

Polis əməkdaşlarının sağlamlığının qorunması, heç şübhəsiz, xidmətin səmərəli təşkilinə, əmək qabiliyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına müsbət təsir edir. İdarə rəisi S.Əliyevin sözlərinə görə, onların göstəriciləri əvvəlki dövrlərlə müqayisə etdikdə, təxminən 10 dəfə artıb. Əgər əvvəllər rayon ərazisində 134 obyekt mühafizəyə cəlb edilmişdisə, bu gün idarənin əməkdaşları tərəfindən 1350-yə yaxın obyekt mühafizə olunur. Mülkü əmlakın - mənzillərin, fərdi yaşayış evlərinin mühafizəyə cəlb edilməsi üzrə də idarə, ardıcıl olaraq, ən yüksək nəticə ilə fərqlənir. Bu isə əməliyyat şəraitini düzgün qiymətləndirmək, rayon ərazisində vətəndaşlara məxsus əmlakın gecə-gündüz etibarlı qorunması, cinayətkar əməllərin qarşısının alınması deməkdir.

Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşları hazırkı pandemiya ilə bağlı tətbiq edilən karantin qaydalarının yoxlanılmasına cəlb edilməsələr də, bankların, poçtların, müxtəlif müəssisələrin mühafizəsini həyata keçirən əməkdaşlar, həmçinin karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət edirlər. Bu isə həmin obyektlərə əlavə qüvvə ayırmadan, vətəndaşlar və müəssisənin işçiləri tərəfindən karantin qaydalarına riayət ediləcəyinə əminlik yaradır.
R.Mehtiyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər