Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.11.2021

ŞƏHİD AİLƏLƏRİNİN QAYĞILARINA HƏSSAS MÜNASİBƏT

Vətənimizin bütövlüyü və bölünməzliyi uğrunda şəhid olanların ailə üzvləri bizə əmanətdir deyərkən onların maddi qayğılarını, sosial problemlərinin həllini nəzərdə tutmuruq. Həm də dilə gətirməkdən çəkinib ürəklərində qübar bağlayan dərdlərinə məlhəm olmaqdır şəhid əmanətinə sahib çıxmaq.
Bu gün Daxili İşlər Nazirliyinə, eləcə də paytaxtda və yerlərdə polis idarə və şöbələrinə üz tutan şəhid, qazi ailələri hörmətlə qarşılanır, etdikləri müraciətlərə həssaslıqla yanaşılır, lazımi köməklik göstərilir.
Bir övladını Vətən savaşında şəhid verən, digər övladını narkotiklərin cəngindən xilas edən polis əməkdaşlarına təşəkkürünü bildirən ananın möhtərəm Prezidentimizə ünvanladığı məktubda ünvanımıza deyilən bu fikirlər hələ neçə-neçə cavan canı xilas etmək üçün bizi daha qətiyyətli mübarizəyə səsləyir.
Şəhid anası yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Mən 44 günlük Vətən müharibəsində həlak olan şəhid Rüstəmov Rövşən Orxan oğlunun anası kimi bildirirəm ki, nəslin yeganə varisi olan digər övladım narkotik asılılığından əziyyət çəkirdi. Onun müalicəsi ilə bağlı bu yaxınlarda Daxili İşlər Nazirliyinə üz tutdum. Gəlişimin səbəbini bildikdən sonra məni DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərdilər. Baş idarənin rəisi məni hörmətlə qarşılayıb dinlədi və əməkdaşlara lazımi tapşırıqlarını verdi. Övladım Narkoloji Mərkəzə yerləşdirildi. Oğlumu narkotik asılılığından qurtarmaq üçün müalicəsinin bütün xərcləri Baş idarə tərəfindən ödənildi.
Müalicənin bitməsinə baxmayaraq polis əməkdaşları günü bu gün də bizimlə maraqlanır, diqqət və qayğılarını əsirgəmirlər. Doğrudan da yaşamağa dəyərmiş!
Şəhidlərə olan hörmətə, onun qardaşının müalicəsindəki dəstəyə, şəhid anasına göstərilən diqqət və qayğıya görə minnətdaram, fikirləşirəm ki, oğlum doğrudan da əbəs yerə şəhid olmayıb.
Cənab Prezident, öncə Sizə, sonra biz şəhid ailələrinə maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycan Polisinə minnətdarlığımı bildirirəm”.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər