Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.11.2021

Qəlbimizdə yaşayır Polis zabitinin məzarı ziyarət olunub

Bəlkə doğurdan da hər kəsin “alın yazısı” taleyin hökmü ilə möhürlənib və onu dəyişmək mümkün deyil. Ancaq polis peşəsi nadir məsləklərdəndir ki, bu yazını yeri gələndə bitirməyi, ömür səhifəsini öz qəhrəmanlıq hekayəsilə sonlandırmağı tələb edir.
Xidmətə qəbul olarkən məsləyi uğrunda lazım gələrsə öləcəyinə and içən polis əməkdaşı bu mənada, obrazlı desək, həyatla razılaşmanı pozub, dövlətə, xalqa bağışladığı ömrüylə bağlı yeni bir saziş imzalayır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin üzərində olan qumbaranı partlatması nəticəsində haqq dünyasına qovuşan Səbail RPİ-nin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərzadə də neçə-neçə əməkdaşımız kimi dövlətimizə, xalqımıza verdiyi sözün arxasında durdu. Bu gün onun yeri haqq dünyasında olsa da, adı qəlbimizə, tariximizə həkk olunub.

Elçin Səfərzadənin əziz xatirəsinin bugünlərdə vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən təşkil edilən tədbirlə yad edilməsi polisin fədakar xidmətinə, qəhrəman polis zabitinin şücaətinə ictimaiyyətin dərin hörmət və ehtiram bəslədiyini göstərdi.
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSPBAM) təşkilatçılığı ilə keçirilən tədbirdə qeyri-hökumət təşkilatının üzvləri, vətəndaşlar və DİN əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları Səbail RPİ-də mərhum həmkarımızın xidməti otağına baş çəkərək, onun əziz xatirəsini anıb, iş masasının üzərinə çiçək dəstələri düzüblər.
İdarənin rəisi, polis polkov-niki Hikmət Qasımov polisin öz tarixi ənənələrinə sadiq qalaraq müstəqilliyimizin qorunmasında, ictimai asyişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə hər zaman canı bahasına mübarizə apardığını deyib. Qeyd edib ki, bu gün də Azərbaycan Polisi cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ön sırada yer alır. İdarə rəisi həmçinin, Elçin Səfərzadənin xidməti vəzifəsini yerinə yetirərkən cinayətkarların qarşısından geri addım atmamasını polisin növbəti qəhrəmanlıq örnəyi kimi yaddaşlarda qalacağını vurğulayıb.

İSPBAM-ın sədri Samir Adıgözəlli də bildirib ki, ölkəmizdə əmin-amanlığın qorunmasında Azərbaycan Polisinin xidmətləri əvəzolunmazdır, polis xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin edir. E.Səfərzadə kimi əməkdaşların xalqa xidməti həyatlarından üstün tutması polisin Vətənə və vəzifə borcuna nə qədər bağlı olduğunu, buna müqəddəs amal kimi yanaşdığını göstərir. Bu da cəmiyyətdə Azərbaycan Polisinin nüfuzunu daim yüksək tutur.
Mərhum həmkarımızın atası, təqaüddə olan polis polkovniki Rəşid Səfərov övladına verilən dəyərə görə həm DİN rəhbərliyinə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə dərin minnətdarlığını bildirərək, oğlunun mübarizəsinin yarımçıq qalmadığına, polis sıralarındakı yüzlərlə, minlərlə qorxmaz, cəsarətli həmkarları tərəfindən davam etdirildiyinə əmin olduğunu bildirib.
Daha sonra tədbir iştirakçıları Elçin Səfərzadənin Mehdiabaddakı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər