28.10.2021
Polis nə etsin?
Sərt karantin rejimindən sonra ənənəvi təhsilin bərpa olunması şagirdlərin şən səs-küyünə həsrət qalmış məktəb həyatını və elə həyətini də yenidən canlandırıb.
Dərsə tələsən şagirdlər adama qayğısız məktəb illərini xatırlatmaqdan tutmuş, hazırkı darıxdırıcı pandemiya dövründə normal həyatın işartılarının yaratdığı nikbin duyğulara qədər fərqli hisslər yaşadır. Ta ki, məktəblərin qarşısına çatana qədər... Çünki ondan sonra övladının əlindən tutub məktəbə gətirən hər hansı bir valideyn duyğuları ilə bir neçə dəqiqə baş-başa qalmağa nə imkan, nə də yer tapa bilir. Deyəcəksiniz keçib kənarda yaşasın hisslərini, ancaq elə məsələ də budur–məhz dərslərin başlama-bitmə saatlarında məktəblərin qarşısındakı küçə və yollardan keçmək duyğu deyil, güclü əsəb sistemi tələb edir.
Səbəbi də övladını məktəbə gətirən valideynlərin avtomobillərini düzgün park etmədiyinə görə yaranan süni tıxac, bəzən, hətta sürücülər arasında yer üstündə düşən yersiz mübahisələrin yaratdığı gərginlikdir. Tez - tez şəhərin mərkəzindəki əksər məktəblərin qarşısında yolun hərəkət hissəsi bu səbəbdən tam bağlanır və bundan sonra səs siqnalları işə düşür, yol verməmək üstündə sürücülər arasında insident yaşanır.
Məsələyə münasibət bildirən Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qəzetimizə bildirib ki, əsasən Azadlıq, Parlament prospektləri, 28 may, Nizami, R.Behbudov, Bakıxanov kimi şəhərin mərkəzi küçələrində valideynlər dayanma-durma, parklanma qaydalarına əməl etmirlər. Bu isə səhər, günorta və axşamüstü saatlarında hərəkəti iflic edir. “Bəzən valideynlər müxtəlif bəhanələrlə avtomobili yolun ortasında saxlayıb düşür, övladının əlindən tutub aparır məktəbin həyətinə, yola salır, bir də durub əlini yelləyib sağollaşır. Bu isə, ən azı 3 dəqiqə vaxt aparır. Nəzərə almaq lazımdır ki, avtomobilin 30 saniyə yolda hərəkəti saxlaması 70-ə yaxın sürücünü 5-7 dəqiqə ləngidir ki, bu da günün pik saatlarında bütün hərəkəti yubadır”,- deyən V.Əsədov həmin saatlarda yol polisi əməkdaşlarının tam səfərbər olduqlarını, məktəblərin yerləşdiyi ərazilər də daxil olmaqla hərəkəti nizamladıqlarını vurğuladı.
Deməli, məktəblərin qarşısında yol hərəkətinin təşkili üçün Bakı şəhər BPİ DYPİ tərəfindən lazımi tədbirlər görülür və bu məsələdə əsas məsuliyyət valideynlərin üzərində qalır. Hərəkət iştirakçısı olaraq sürücü mədəniyyətinə sahib olmağın, dayanma-durma qaydalarına əməl etməyin, həm də ictimai məsuliyyəti var. Yəni valideyn təhsili, təlim-tərbiyəsi üçün məktəbə apardığı övladının qarşısında şəxsi örnək olmaq məsuliyyətini də yaddan çıxarmamalıdır. Böyüklər bunu nəzərə alanda, məktəb yollarındakı çilə də tamamilə bitəcək.
Rəşad Mehtiyev,
polis baş serjantı