Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.10.2021

Arxa və ön cəbhədəki qəhrəmanlar Özləri cinayətkarlarla, övladları qəsbkarlarla mübarizə apardı

Hər bir xalqın tarix qarşısında sınaq dövrü olur. Biz bu sınaqdan ötən il Qarabağ uğrunda başlayan Vətən müharibəsində alnıaçıq, üzüağ çıxdıq.
Azərbaycanın daxili işlər orqanları yenə də bu taleyüklü, milli müqəddərat anında dövlətin əsas dayağına çevrildi. Ancaq bu dəfə əməkdaşlarımız yalnız şəxsi şücaətləri,
əzmkarlıqları ilə önə çıxmadılar, bəziləri, hətta, yeganə oğul övladlarını ön cəbhəyə yola salmaqla, sözün əsl mənasında, taleyə meydan oxudular.
Arxa cəbhədə cinayətkarlıqla mübarizə aparan polislərin övladlarının düşmənlə mübarizədə ön səfdə yer alması, həm də ictimai mesaj idi. Yüksək çinli polis övladı da, fəhlə balası da eyni səngərdə işğalçının qarşısında, Ali Baş Komandanın əmrindəydi.

Özləri cinayətkarlarla, övladları isə qəsbkarlarla mübarizə aparan bu fədakar polis ailələrini tanıyaq, tanıdaq ki, tarix qarşısında haqları itməsin.
DİN Baş Əməliyyat və Statistika İdarəsinin Statistika şöbəsinin rəisi, polis polkovniki Elxan Heybətovun oğlu Vətən müharibəsinin ilk günündən odlu-alovlu döyüşlərə atılıb. Onun oğlu Adil Heybətov Cəbrayılın, daha sonra Qubadlının azad olunmasında vuruşub. Dəfələrlə ölümlə üz-üzə qalan Adil bu döyüşlərdən sağ çıxmasını möcüzə hesab etsə də, “ölsək şəhid, sağ qalsaq qaziyik” düşüncəsiylə vuruşduqlarını deyir.
Övladı Vətən müharibəsi iştirakçısı olan başqa bir həmkarımız Bakı şəhər BPİ şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Fuad Dadaşovdur. Ailənin yeganə oğul övladı olan Fərid Dadaşov Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Onun döyüşdüyü strateji yüksəkliklərin tutulması Kəlbəcərin düşməndən alınması demək idi. Müharibə bitəndən sonra cəbhənin bu istiqamətində döyüşmüş, Prezidentin medalla təltif etdiyi hərbçilər arasında Fəridin də adı var.
Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşan Məhəmməd Cəfərov Tovuz hadisələrindən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlayıb.
Məhəmmədin anası, Bakı şəhər BPİ Kriminalistik Tədqiqatlar Şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Kəmalə Cəfərova deyir ki, oğlu ilk gündən ön xətdə düşmən istehkamlarının yarılması üçün əks-hücum əməliyyatlarına qatılıb. Oktyabrın 3-də ordumuzun növbəti həmləsində yaralanan Məhəmməd Cəfərovun hazırda reabilitasiyası davam edir.
Bakı şəhər BPİ DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da oğlu Pərvini ön cəbhəyə yola salmışdı. Daha doğrusu, Pərvin könüllü şəkildə döyüşə yollanmışdı. Pərvin özü deyir ki, atası dostları vasitəsilə xəbər tutub, onu yola salmağa gəlmişdi. Bircə onu dedi ki, get və həmişəki kimi başımızı uca elə. Ya şəhid olacaqsan, ya da torpaqlarımıza bayraq sancacaqsan.
O, Ağdam bölgəsində ön
cəbhədə döyüşüb.

Məhəmməd Ələkbərovun valideynlərinin hər ikisi polis əməkdaşıdır. Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə və DİN Baş İnformasiya-Kommunikasiya İdarəsinin baş inspektoru, polis polkovniki Saleh Ələkbərovların övladıdır.
Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azad edilməsində iştirak edib, medallarla təltif olunub. Yeri gəlmişkən, müharibə ərəfəsində polis polkov-
niki Saleh Ələkbərov da oğlu kimi döyüş bölgəsində olub, daha doğrusu, DİN rəhbərliyinin göstərişinə əsasən döyüş bölgələrinə ezam olunaraq xidməti vəzifələrlə bağlı müxtəlif tapşırıqlar icra edib.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Musa Qurbanzadə Bakı şəhər BPİ Katibliyinin baş inspektoru, polis polkovnik-leytenantı Fəxrəddin Qurbanovun oğludur. O, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının düşməndən təmizlənməsi əməliyyatlarına qatılıb.
Vətən müharibəsində 44 gün çəkən hərbi əməliyyatlarda vuruşan Musa düşmənin kapitulyasiyasından sonra da dövlət sərhədlərinin müəyyən edilməsi üçün müxtəlif tapşırıqlara cəlb edilib. Şərqi Zəngəzurda sərhədlərin, yüksəkliklərin düşmən postlarından təmizlənməsini onun təmsil olunduğu birlik həyata keçirib.

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər