Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.10.2021

Onlar “Ağ ölüm”ə yox dedilər

Azərbaycan Kooperasiya Universitetində “Narkomaniyaya yox deyirik!” mövzusunda tələbələrlə maarifləndirici görüş keçirilib. Görüşdə Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİT bölməsinin rəisi, polis polkovniki İbrahim İsmayılov, bölmənin əməkdaşları, eləcə də polis veteranları, Nərimanov Rayon Gəclər İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Universitetin pedoqoji heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru, professor Aygün Quliyeva narkomaniyanın ümumbəşəri bir bəla olduğunu, “ağ ölümün” genefondumuzu təhdid etdiyini gələcəyimizi, gəncliyimizi zəhərlədiyini bildirib. Mütəmadi keçirilən maarifləndirmə tədbirlərini ən effektiv metod hesab edən A. Quliyeva polis əməkdaşlarının narkomaniyaya qarşı apardığı qətiyyətli mübarizənin də təqdirəlayiq olduğunu vurğulayıb.

Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİT bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova narkomaniyanın, narkotik vasitələrin və onların prekursorlarından istifadənin insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışıb. Qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri diqqət mərkəzində saxlanılmalıdır. Gələcəyin qurucuları olan məktəblilərin, tələbələrin, eləcə də onların valideynlərinin bu məsələdə daha həssas olmalarını deyən polis polkovnik-leytenantı K.Ələkbərova onların zərərli vərdişlərə meyl etməmələri üçün diqqətlərini təhsilə, idmana yönəltməyin vacibliyini nəzərə çatdırıb.
Görüşdə çıxış edən digər tədbir iştirakçıları əvvəli həzz və əyləncələrlə başlayan, sonu faciə ilə bitən narkomaniyanın sosial, fizioloji fəsadlarından danışıb, polis əməkdaşları tərəfindən təhsil ocaqlarında təşkil edilən bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən quruluşçu rejissoru Ayla Osmanova olan “Ağ ölüm” adlı bir hissəli tamaşa nümayiş etdirilib.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər