Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.09.2021

Tələbə adını qazandılar Polis övladları da yüksək nəticə göstəriblər

Bir neçə il öncə təhsildə, idmanda və musiqidə uğur qazanan, ölkəmizi beynəlxalq arenalarda təmsil edən polis övladları barədə ideyamız paytaxtda olduğu kimi, yerlərdə də maraqla qarşılandı.
Bu il də onları arayıb-axtardıq və tapdıq.
Gecəli-gündüzlü, ayıq-sayıq Vətənə və dövlətə layiqli xidmət edən valideynlərinin üzünü istedadı, bilik və bacarığı ilə ağardan gənclərimizin gələcək hədəflərini onların dilindən eşitdikdən sonra bir daha əmin olduq ki, gələcəyimiz etibarlı əllərdədir.

İnanırıq ki, hələ bundan sonra da “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” nidasını üçrəngli bayrağımız kimi dünyaya daşıyacaq gənclərimizi tanıyıb, tanıdıb və onlarla qürur duyacağıq.
DİN Baş Əməliyyat və Statistika İdarəsinin baş mühəndis-proqramçısı, polis polkovnik-leytenantı Rauf Abdullayevin övladı Abdullazadə Rəhim 160 nömrəli Klassik gimnaziyanı qırmızı attestatla bitirib. O, bu il qəbul imtahanlarında ən yüksək nəticə göstərən polis övladları sırasında 642 balla liderlik edir. Rəhim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olub və dövlət sifarişi əsasında ingilis dilində təhsil alacaq.

Cəfərli Səma Naftalan ŞPŞ-nin təşkilati-inspektor qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Səbuhi Cəfərovun övladıdır. O, bu il qəbul imtahanlarında 638 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi adını qazanıb. Həmkarımızın digər iki qızı - Cəfərli Fidan 2015-ci ildə 648 balla Tibb Universitetinə, Cəfərli Banuçiçək isə 2017-ci ildə 668 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub və hər ikisi ali məktəbləri fərqlənmə ilə bitiriblər.

Natiqə Əsədli kiçik yaşlarından rənglərin dilini öyrənməyə başlayıb. Onun rənglər dünyası bu gün dünyanı heyran qoyur. Mənsub olduğu ailə tablosunda hər kəs qələmin də, fırçanın da qüdrətinə bələddir. Natiqə İncəsənət Gimnaziyasının məzunudur. Bir çox rəsm müsabiqələrinin qalibidir. Bu il Azərbaycan Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə daxil olub. Onu tanıyanlar “Sən rəssam polisin övladısan, əlbəttə ki, bu istedad gec-tez üzə çıxacaqdı”,- deyəndə ilk müəllimi, atası, yolların da, sürücülərin də yaxşı tanıdığı DİN BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla qürur duyur.
Yüksək bilik və qabiliyyət nümayiş etdirərək tələbə adını qazanan hər bir polis övladını təbrik edir, “Polis”adından uğurlar arzulayırıq.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər