Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.08.2021

Bizə əmanət şəhid övladları “Mənim atam qəhrəmandır” adlı tədbirdə DİN əməkdaşları da iştirak edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin dəstəyi, "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı layihənin növbəti - sayca 5-ci tədbiri baş tutub.
“Dağüstü Park” ərazisində keçirilən tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı anmaq, onların övladlarına dövlətimizin qayğısının, xalqımızın sevgisinin daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək olub.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndələri də tədbirə dəvət edilib.
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən start götürən tədbirdə
ekskursiya avtobuslarında şəhid atalarının rəsmi həkk olunmuş geyimlərdə şəhəri gəzən uşaqlar “Zəfər marşı”nı ifa ediblər.

Daha sonra başlayan rəsmi hissədə Müdafiə Nazirliyinin Sosial Müdafiə Şöbəsinin rəisi, polkovnik Həbib Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Xalq artisti Nurəddin Mehdixanlı və ilahiyyatçı Zaur Məmmədov çıxış ediblər. Onlar Vətən uğrunda canından keçmiş oğullarımızın övladlarının hər birimiz üçün qiymətli əmanət olduğunu, uşaqların işıqlı gələcəyi naminə əlimizdən gələni etməyin vacibliyini qeyd ediblər. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham
Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğu, xalqımızın da hər zaman qəhrəmanlarımızın ailələrinə dərin ehtiram göstərdiyi xüsusilə vurğulanıb.

Tədbirin fəxri qonağı Əməkdar artist Sevda Ələkbərzadə şəhid övladları, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə öz hisslərini bölüşüb. Onun ifa etdiyi “Sən yadıma düşəndə” mahnısı duyğulu anlar yaşadıb.
Sonda “Əbədi Məşəl” abidə kompleksində qəhrəmanlarımızın övladları Əməkdar artistimiz və Olimpiya çempionlarımız ilə birlikdə “Zəfər” marşını oxuyaraq, səmaya ağ göyərçinlər uçurub, dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajı göndəriblər.
Tədbirin sonunda şəhid övladlarına “Xarı Bülbül” döş nişanı hədiyyə olunub.
Qeyd edək ki, bu layihənin Azərbaycanın digər bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərdə keçirilməsi nəzərdə tutulub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər