Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.08.2021

Polis oğlunun uğuru Elm, musiqi və idman arenalarında onlarla polis övladı ölkəmizi layiqincə təmsil edir

Ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında uğurla təmsil edərək medal qazanan idmançılar sırasında polis övladının olması qürurvericidir.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü, 2 qat Avropa və Dünya Kubokunun sahibi Rafiq Hüseynov Azərbaycanın əməkdar məşqçisi, DİN-in İdman Cəmiyyətinin Təlim şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Radik Hüseynovun oğludur.
Bu gün həmkarımızın adı veteran idmançılar, eləcə də məşqçilər arasında hörmətlə çəkilir. Onun idman karyerasının çiçəkləndiyi dövrü SSRİ dönəminə təsadüf etsə də doğulduğu qədim Azərbaycan torpağı İrəvanda ermənilərin ayrıseçkiliyi ilə çox rastlaşıb.
Fürsəti əldən verməyib illərin o üzünə körpü saldıq. Bəlkə də çoxumuzun bilmədiyi, elə oxucularımızın da marağına səbəb olacaq fikirləri bölüşmək üçün onun idmançı və məşqçi kimi uğur yoluna işıq tutduq.

Polis polkovnik-leytenantı Radik Hüseynov 1962-ci ildə İrəvanda doğulub. Kiçik yaşlarından idmanda qazandığı nailiyyətləri ilə azərbaycanlıların adını ucaldıb. R.Hüseynov dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 1980-ci ildə Almaniyanın Qrandenburq şəhərində “Dinamiada” çempionatında 1-ci yeri tutması onun idman istedadının çox qələbələrə yol açacağından xəbər verirdi.
Həmkarımız 1985-ci ildə SSRİ Ali Milis Məktəbinə daxil olur və idmançı kimi bir çox uğurlara imza atır. Qazandığı təcrübə onun peşəkar məşqçi kimi formalaşmasında mühüm rol oynayır. Bu gün yetirmələri arasında dünya və Avropa çempionları var.
Dünya və Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, DİN İdman Cəmiyyətinin təlim şöbəsinin inspektoru, polis baş leytenantı Kamran Məmmədovun, 3 qat Avropa mükafatçısı və qalibi, Azərbaycan çempionu Hacıxan Mustafayevin karyerasında həmkarımızın xidmətləri əvəzsizdir.
Yeri gəlmişkən, Tokioda ölkəmizə bürünc medal qazandıran Rafiqin elə ilk müəllimi atası olub. Olimpia mükafatçımız idmanda ilk addımlarını da DİN İdman Cəmiyyətində atıb.
“Polis”in suallarını cavablandıran Radik Hüseynov oğlunun bürünc medal uğrunda mübarizəsini həyacanla izlədiyini deyir: “Onun görüşünü ailəlikcə izləsək də, həyəcandan nə anası, nə də qardaşları axıra qədər izləyə bilmədilər. Ata və məşqçi kimi o anlarda özümə yer tapa bilmirdim. Çünki 50 milyonluq Azərbaycan xalqı idmançımızdan qələbə müjdəsi gözləyirdi. Mən bir məşqçi kimi yetirməmin də, onun rəqiblərinin də zəif və güclü tərəflərini görürdüm. Nəticə ümidvericidir. Deməli, gələcək illərdə qızıl medal üçün daha çox çalışmalı, daha çox məşq etməliyik”.

Rafiq Hüseynov Tokioda keçirilən Yay Olimpia Oyunlarının ¼ final mərhələsində Qırğızıstan təmsilçisinə məğlub olsa da, əsas növbəti görüşdə erməni idmançısı Karapet Çalyanı 4:1 hesabı ilə məğlub etdi. Bu qələbə bizim üçün olduqca vacib idi, çünki ötənilki Vətən müharibəsindəki zəfərimizdən sonra qalib gəlmək ümümi qələbəmizə mühüm töhfə olacaqdı.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə idmanda yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Hüseynov Rafiq Radik oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, polis polkovnik-leytenantı Hüseynov Radik Rafiq oğlu isə “Tərəqqi” medalı ilə təltif edilib.
Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər