Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.07.2021

Əməkdaşlığımız idmanda da sınandı

Bu il futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçirilən oyunları yüksək təhlükəsizlik şəraitində baş tutan növbəti beynəlxalq kütləvi tədbir kimi yadda qaldı. Eyni zamanda, çempionat daxili işlər orqanları üçün də dünyanın polis təşkilatları ilə əməkdaşlıq baxımından xüsusilə əlamətdar oldu.
Daha öncədən də xəbər verdiyimiz kimi, həmin ərəfədə futbol üzrə Avropa Çempionatında ev sahibliyi edəcək ölkələrdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, fəaliyyətin birgə əlaqələndirilməsi məqsədilə Niderland Krallığının Haaqa şəhərində yerləşən AVROPOL-un mənzil-qərargahında Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzi yaradılmışdı. Bu Mərkəzin Azərbaycanla əlaqələri Daxili İşlər Nazirliyində fəaliyyət göstərən "Milli Futbol Məlumat Məntəqəsi" üzərindən qurulurdu.

AVROPOL-a əlaqələndirici şəxs kimi ezam olunan Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş inspektor-tərcüməçisi, polis kapitanı Vaqif Əzizov bu məsələlərlə bağlı “Polis”in sullarını cavablandırarkən bildirib ki, sözügedən Məntəqə beynəlxalq miqyaslı futbol oyunları ilə bağlı ümumi məlumat mübadiləsinin aparılması üçün birbaşa və yeganə əlaqə qismində fəaliyyət göstərib. Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzində müvafiq ölkələrin polis əməkdaşları ilə yanaşı AVROPOL-un, İNTERPOL-un və UEFA-nın təhlükəsizlik şöbələrinin əməkdaşları da təmsil olunublar. Burada xidmətin təşkili, təhlükəsizlik, mühafizə risklərilə bağlı bilik və təcrübə bazasının formalaşdırılması kimi işlər həyata keçirilib.
Mərkəzdəki asayiş keşikçiləri Oyunların öncəsini, oyun prosesini və nəticələri təhlil edərək, ümumi məlumatları müvafiq bazaya daxil ediblər. Bu məlumatlar tamaşacı sayı, riskli azarkeşlər, əməliyyat məlumatları, polis nümayəndə heyətlərinin ezamı kimi zəruri məsələləri əhatə edib.

Polis kapitanı Vaqif Əzizovun sözlərinə görə, ölkəmizin ev sahibliyi etdiyi oyunlar zamanı təhlükəsizlik tədbirlərinin təşkili ilə bağlı Mərkəzə, eləcə də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına məlumatlar verilib. Bir sözlə, oyunlar zamanı ictimai asayişin qorunmasında və hüquqpozmalara qarşı profilaktik tədbirlərdə birgə iştirak etmək məqsədilə təmsilçi ölkələrin polis əməkdaşları ilə sıx əməkdaşlıq əlaqələri qurulub, operativ məlumat mübadiləsi aparılıb.
Qeyd edək ki, səmərəli fəaliyyətlərinə görə Mərkəzə ezam olunan polis əməkdaşlarına AVROPOL, IPCC və Avropa Şurasının “Futbol oyunları və digər idman tədbirəri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma” Konvensiyasının Daimi Komitəsi tərəfindən sertifikatlar təqdim edilib.


Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər