Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.06.2021

Ölümün gözünə dik baxanlar

Hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində igid oğullarımız erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularının göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Onlardan biri də haqq savaşımızda ağır yaralanaraq əlil olan və hərbi xidmətdən tərxis edilən çavuş Mədəni Polad Əmir oğludur.
O, 1989-cu il mayın 30-da Şəki şəhərində doğulub.
Polad Şəkidəki Rəşid Əfəndiyev adına 10 saylı orta məktəbdə təhsil alıb. 9 illik təhsildən sonra avtomobil təmiri üzrə texnik peşəsinə yiyələnib və bu sahədə çalışıb. 2007-2009-cu illərdə Polad Müdafiə Nazirliyinin Naxçıvan şəhərindəki “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Kəşfiyyat bölməsində snayper olub, “çavuş” hərbi rütbəsinədək yüksəlib.
2011-ci ilin noyabr ayında Polad Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Bakı şəhərindəki “N” saylı hərbi hissədə əvvəlcə xüsusi vasitələrin tətbiqi dəstəsində atıcı, döyüş təminatı yarım-
qrupunda heyət nəfəri-atıcı vəzifələrinə, sonra isə hərbi hissənin xüsusi təyinatlı dəstəsinə keçirilərək, xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-snayper və snayper vəzifəsinə təyin edilib.

Vətən müharibəsinədək olan hərbi xidməti dövründə ona göstərilən etimadı doğruldub, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda çavuş P.Mədəninin xidmət etdiyi xüsusi təyinatlı dəstə döyüşən oğulların ilk cərgəsində olub. Poladın döyüş yolu Kəlbəcər rayonu istiqamətində Murovdağ yüksəkliyindən, Cəbrayıldan, Xocavənddən, Qubadlı və Füzuli rayonlarından keçib. Xüsusi təyinatlı olaraq hazırlığı müharibədə köməyinə çatıb. Deyir ki, xüsusi təyinatlılar döyüş tapşırıqlarının yerinə yetirilməsində, eləcə də düşmənlə üzbəüz döyüşlərdə sözlə ifadə olunmayacaq qədər fədakarlığa imza atıblar. Düşmənin xüsusi təyinatlılarımızı görəndə necə mövqelərini atıb qaçdıqlarını danışdıqca sanki gözlərində ildırım parlayır: “Döyüşlərdə bir neçə dəfə pusquya düşmüşük, itkilərimiz olub, ancaq həmin vəziyyətdə də düşmənin layiqli cavabını vermişik. Füzuli rayonuna aid ərazidə qruplarla irəliləyərkən düşmən divizionunun yerini müəyyənləşdirdik. Burada 4 top və digər artilleriya vasitələri, xeyli sursat, 70 nəfərə yaxın şəxsi heyət vardı. Xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Füzuli İmrəliyevin göstərişi ilə divizionun yerləşdiyi sahəni mühasirəyə alaraq atəşə tutduq. Düşməni məhv edib, çoxlu sayda silah-sursat, texnika qənimət götürdük. Döyüşlərdə itkilərimiz də oldu.
Baş leytenant Kamran Kazımov, baş çavuşlar Vüqar Cəfərov və Əsgər Əhmədov şəhidlik zirvəsinə ucaldılar. Şükürlər olsun ki, onların qisası alındı, qanları yerdə qalmadı".
Xüsusi təyinatlı olduğu üçün qürur duyur: "Hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki, hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. Müharibə itkisiz olmur, ölüm bir nəfəs qədər bizə yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir, döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi olmaq isə insan üçün şərəfli taledir”,-deyir.

2020-ci ilin oktyabr ayının 15-də Füzuli rayonu ərazisində döyüş zamanı düşmən Poladgilin yerləşdiyi mövqeni müxtəlif növ artilleriyadan, zirehli texnikalardan şiddətli atəşə tutub. Yaxınlığına düşən minaatan mərmisi qollarını yaralasa da silahı yerə qoymayıb. Düşmənin atdığı növbəti mərmi sağ ayağının dizdən aşağı nahiyəsini qoparıb, bud nahiyəsi ağır dərəcəli zədələnib. Yaralandığı yer atəş altında olduğundan, onun oradan çıxarılması bir neçə saat çəkib. Poladı çıxartmağa can atan iki hərbi qulluqçudan biri şəhid olub, digəri isə yaralanıb. Nəhayət, yaralını ərazidən çıxarmaq mümkün olub. Çətinliklə Füzuli rayonundakı xəstəxanaya çatdırılıb, burada “sağ budunun yuxarı üçdə birinin travmatik amputasiyası” diaqnozu qoyularaq cərrahi əməliyyat aparılıb. Xəstəxanadan Daxili Qoşunların Hospitalına göndərilib və uzunmüddətli müalicə kursu keçib. Qaziyə 2-ci qrup əlillik dərəcəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 18, 25 və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Mədəni Polad Əmir oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Yalçın Abbasov,
DİN Daxili Qoşunlarının
veteranı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər