Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.05.2021

İyirmi doqquz illik həsrətə son qoyuldu

Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə getmək, dədə-baba yurdlarını, doğmalarının, əzizlərinin məzarlarını ziyarət etmək məqsədilə vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinə xeyli sayda müraciət daxil olub.

Müraciətlərə DİN rəhbərliyi tərəfindən yüksək həssaslıqla yanaşılıb və cavablandırılıb. İşğaldan azad olunmuş ərazilərə mina təhlükəsi səbəbindən gediş-gəlişin qadağan olunması onların diqqətinə çatdırılıb. Vətəndaşlarımıza qanunsuz yollarla həmin ərazilərə keçərək öz həyatlarını riskə atmamaq tövsiyə olunub.
Lakin ömrünün ahıl çağlarını yaşayan, şəhid olmuş övladının, ömür-gün yoldaşının məzarını görmək üçün müraciət edənlərdən bir neçəsinin istəyi nəzərə alınıb və yerinə yetirilib.
Daxili İşlər Nazirliyinə 1993-cü ilin avqust ayının 15-də Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduqdan sonra orada dəfn edilən oğlu Ramiz Ağayevin məzarını ziyarət etmək üçün düz 28 il həsrətlə gözlədiyini və yaşadığını yazan 84 yaşlı Güldəstə Ağayevanı DİN rəhbərliyi sevindirib. Müvafiq təhlükəsizlik tədbirləri gözlənilməklə aprelin 23-də Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Güldəstə ananın və onun ailə üzvlərinin Cəbrayıl rayonuna səfəri təşkil edilib.

Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevin həyat yoldaşı, Ağdam rayon sakini Sayalı Paşayeva da Daxili İşlər Nazirliyinə müraciət edərək 1992-ci ilin iyul ayının 12-də döyüş yoldaşları ilə düşmənin 7 postunu ələ keçirdikdən sonra şəhidlik zirvəsinə ucalan və Ağdamdakı Şəhidlər Xiyabanında torpağa tapşırılan ömür-gün yoldaşının qəbrini ziyarət etmək üçün ona köməklik göstərilməsini xahiş edib.

Onun bu müraciəti dərhal Nazirliyin rəhbərliyinin nəzarətinə götürülüb. Şəhid Baxşeyiş Paşayevin Ağdam rayonundakı məzarı tapıldıqdan sonra yerləşdiyi ərazinin minalardan təmizlənməsi üçün lazımi tədbirlər görülüb. Müvafiq təhlükəsizlik qaydaları gözlənilməklə mayın 1-də Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Sayalı ana və onun ailə üzvlərinin Ağdam rayonunun mərkəzində yerləşən Şəhidlər Xiyabanına səfəri təşkil edilib. İyirmi doqquz illik həsrətin sona çatdığı həmin gün, həm də Milli Qəhrəmanın doğum günü idi...
Redaksiyadan: Vətən andı içən oğullar 44 günlük savaşda torpaq həsrətinə, yurd nisgilinə son qoyub bayrağımızı Ağdama, Laçına, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Cəbrayıla, Hadruta, Füzuliyə, Xüdafərinə və Şuşaya sancdılar.
Bu gün “Dəmir yumruq” Vətənin keşiyini çəkir, onun sərhədlərini yenidən qurur, onu gecəli-gündüzlü qoruyur. Azad olunmuş torpaqlarımızın sinəsində top mərmilərinin açdığı yaralarda indi yanağı xallı lalələr baş qaldırıb. Qərinə yaşına çatmayan Vətən həsrətimiz bu illər ərzində ağıya, bayatıya dönüb sinəmizdə od qaladı. İndi hər şey-illərin əzabı geridə qalıb və biz hər bir soydaşımıza bundan sonra azad olunmuş torpaq xoşbəxtliyi arzulayırıq.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər